Siyasət 15:34 15.07.2022

Prezident Əli Şamxanini qəbul etdi (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxanini qəbul edib.

Qaynarinfo xəbər verir ki, Əli Şamxani İran Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

Söhbət zamanı dövlətimizin başçısı Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çərçivəsində İran Prezidenti ilə görüşünü məmnunluqla xatırladı, həmin görüşdə ikitərəfli əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsinin aparıldığını qeyd etdi.

Əli Şamxani Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi münasibətilə xalqımızı təbrik etdi. Qonaq İranın Azərbaycan ilə mehriban qonşuluq və dostluq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu və ölkəmizlə əlaqələrin genişləndirilməsinə həmişə böyük əhəmiyyət verdiyini vurğuladı.

Görüşdə, ikitərəfli gündəliyə aid olan məsələlər, o cümlədən İran ilə Azərbaycan arasında nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

11.45
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxanini qəbul edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.