
"Bu gün biz əlaqələrimizi genişləndirmək üçün yaxşı perspektivləri, xüsusilə qarşılıqlı investisiya və birgə müəssisələr sahəsində, o cümlədən artıq başlayan və çox səmərəli olacaq enerji sahəsində əməkdaşlığı da müzakirə etdik". ANS PRESS-in məlumatına görə, bunu iyunun 2-də prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşündə deyib.
"Siz həm də ölkəmizə ATƏT-in sədri kimi səfər edirsiniz. Ümid edirik ki, Sizin regiona səfəriniz çox səmərəli olacaq, regionumuzda müsbət meyillərin inkişafına, xüsusilə də münaqişələrin həlli baxımından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin inkişafına öz töhfəsini verəcək".
Prezident həmkarını görməkdən məmnun olduğunu deyib. Bu səfər çox mühüm əhəmiyyət kəsb edir. "Bu, çox uğurla inkişaf edən və bir çox sahələri əhatə edən ikitərəfli əlaqələrimizi bir daha nəzərdən keçirmək üçün yaxşı imkandır. Əminəm ki, qarşıdakı illərdə ikitərəfli əlaqələrimiz daha da güclənəcək. Çünki əlaqələrimizi inkişaf etdirmək üçün güclü siyasi iradə vardır. Bizim tərəfdaşlığımızın mahiyyəti həqiqətən artır, bir çox sahələri - siyasi, iqtisadi, investisiya və mədəniyyət sahələrini əhatə edir. Buna görə mən əminəm ki, qarşıdakı illərdə biz son bir neçə ildə sürətlə inkişaf edən yaxın tərəfdaşlıq əlaqələrini davam etdirəcəyik".
İsveçrə prezidenti də qəbulu səmimi adlandırıb. Onun sözlərinə görə, bu Azərbaycana ilk səfəridir. "Ölkənizlə hərtərəfli tanış olmaq üçün çox vaxtım olmayıb. Bu, ətraflı tanışlıq səfəri olmayacaqdır. Əminəm ki, biz bir daha səfər edəcəyik və regionunuzu, ölkənizi, dünən axşam gələndə və bu gün səhər də gördüyüm kimi, bizdə dərin təəssürat yaradan Bakı şəhərini daha yaxından öyrənmək üçün daha çox vaxtımız olacaq. Qəbulunuza görə təşəkkür edirəm. Bu, bizim iki ölkə üçün xüsusi bir vaxtdır. İlk növbədə, bizim çox yaxşı dostluq əlaqələrimiz var və biz onları intensivləşdirə bilərik. Əminəm ki, özəl investisiya sahəsində geniş potensialımız var. İsveçrə şirkətləri Sizin ölkənizə investisiya yatırmaqda maraqlıdır".
Qaynar.info