"Dövlət başçısı cəbhə bölgəsinə səfəri zamanı mülki əhaliyə və hərbçilərə önəmli mesajlar verdi. Mesajların əhəmiyyəti ondan ibarətdir ki, işğalçı təxribatları davam edərsə, çox qüvvətli əks-hücumla üzləşəcək".
Bu sözləri Qaynarinfo.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu prezidenti İlham Əliyevin Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfərinin önəmini şərh edərkən deyib.
Politoloq bildirib ki, bu çox önəmli bir səfər idi: "İnsanlara mənəvi dəstək vermək, dövlətin onların yanında olduğunu göstərmək vacib idi. Səfər göstərdi ki, istənilən problemləri həll ediləcək. Dövlət başçısı yerindəcə təlimat verdi ki, dağılan evlər təmir olunsun".
Elxan Şahinoğlunun sözlərinə görə, bu səfər işğalçılar üçün də müsaj xarakteri daşıyır: "Dövlət başçısı cəbhə bölgəsinə səfəri zamanı mülki əhaliyə və hərbçilərə önəmli mesajlar verdi. Mesajların əhəmiyyəti ondan ibarətdir ki, işğalçı təxribatları davam edərsə, çox qüvvətli əks-hücumla üzləşəcək. Düşmənin itkiləri daha da artacaq. Bu baxımdan səfərin vacib əhəmiyyəti var idi".
Politoloq bir müddət öncə Ermənistan prezidentinin də işğal altındakı torpaqlara səfərini vurğulayıb: "İndi Azərbaycan prezidenti bu səfəri həyata keçirdi və qarşı tərəfə mesajlar verdi. Onlara bir daha xatırlatdı ki, Azərbaycan öz torpaqlarını istənilən yolla azad etməyə hazırdır".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az