"Qazaxıstan-Azərbaycan-Çin əməkdaşlığı üçüncü bir dövlətin əleyhinə yönəlməyib. Hesab edirəm ki, Çinin "Orta Dəhliz” layihəsi Qazaxıstan və Azərbaycandan keçməklə çox perespektivi olan bir layihəyə çevriləcək”.
Bu fikirləri Qaynarinfo-ya Milli Məclisin deputatı Ceyhun Məmmədov "Qazaxıstanın Çinlə yaxınlaşması və Rusiyaya qarşı çıxışlar etməsi fonunda İlham Əliyevin səfəri yeni üçbucaq - Qazaxıstan-Azərbaycan-Çin formatının yaranması anlamına gəlirmi” sualını şərh edərkən səsləndirib.
Ceyhun Məmmədov vurğulayıb ki, əsas məsələ Azərbaycan-Qazaxıstan-Çin arasında birgə əməkdaşlığın güclənməsi, birgə layihələrin həyata keçirilməsi, yükdaşımaların həcminin artırılması kimi mühüm məsələlərin müzakirə olunmasıdır:
"Azərbaycan və Qazaxıstan yeni layihələrin reallaşması istiqamətində konkret addımlar ata biləcək. Əlbəttə ki, burada Çinlə əlaqələr və onların güclənməsi də xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Düşünürəm ki, bu daha çox iqtisadi mahiyyət daşıyan bir layihədir”.
Ceyhun Məmmədov qeyd edib ki, bu layihənin digər bir halqası da Şərqi Zəngəzur dəhlizidir:
"Hesab edirəm ki, səfər zamanı aparılan müzakirələr yeni dəhlizlərin inkişafına, daha da güclənməsinə öz töhvəsini verəcək”.
Prezidentin Qazaxıstan səfərini əməkdaşlıq çərçivəsində şərh edən deputat onu da əlavə edib ki, bu səfər ikitərəfli əlaqələrin inkişafına töhvə verəcək:
"Bu gün Azərbaycan-Qazaxıstan əlaqələri yeni mərhələyə daxil olub. Hər iki ölkə türk dövlətləri təşkilatı çərçivəsində çox sıx əməkdaşlıq edir. Bu gün Aəzrbaycan və Qazaxıstan xüsusu ilə nəqliyyat dəhlizlərinin inkişafı, yükdaşımaların həcminin artırılması istiqamətində sıx əməkdaşlıq edir. Hesab edirəm ki, İlham Əliyevin səfəri iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə, daha da güclənməsinə öz töhvəsini verəcək”.
Günay İlqarqızı