Xəbər lenti

Prezidentin Salyandan verdiyi mesajlar - Politoloq
Siyasət07:43 19.04.2023

Prezidentin Salyandan verdiyi mesajlar - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Prezident İlham Əliyev bu mesajı ilə bildirdi ki, erməni icması Azərbaycan qanunlarını tanımasa, günlərin birində qondarma rejim ayılıb başının üzərində Azərbaycan bayrağının dalğalandığını görəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Azərbaycan Prezidenti İlham Əliyevin Salyan səfəri çərçivəsində Xankəndi ilə bağlı verdiyi mesajları şərh edərkən deyib.
Həmsöhbətimizə görə, həmin mesajla Azərbaycan qondarma rejimin həddini aşan davranışlarına sonadək səbirli davranmayacağını göstərdi:
"Bu da onu göstərir ki, perspektivdə inteqrasiya məsələsi müzakirə predmeti olmayacaqsa, rəsmi Bakı ilə görüşdən yenə də imtina olunacaqsa, qondarma rejim bunun bədəlini ödəməli olacaq. Dövlət başçısının bəyanatı çox ciddi bir mesajdır. Yəni bununla Prezident səviyyəsində anti-terror əməliyyatı və separatçı rejimin ləğv olunma prosesinin masada olduğu bir daha qeyd edildi. Bu həm də o deməkdir ki, getdikcə Qarabağdakı quldur rejimin əhatə dairəsi daraldılacaq. Onların fəaliyyət imkanı tanınmayacaq. Laçın-Xankəndi yolunda Azərbaycan nəzarət-buraxılış məntəqəsi yaradacaq. Onun rəsmiləşməsindən sonra isə Qarabağda fəaliyyətin mümkünsüzlüyünü quldur rejimin özü də anlayacaq. Prezident səviyyəsində Xankəndi ilə bağlı verilən mesajlar təkcə qondarma separatçı rejimlə əlaqəli deyil. Bu mesaj həm də Ermənistanı dəstəkləyən havadarlarına da ünvanlanıb. Verilən mesajla qətiyyətli bir xətt müəyyənləşdirildi. Azərbaycanın Qarabağla bağlı planının konkret nədən ibarət olduğu hər kəsə bəyan oldu. Birmənalı olaraq açıqlandı ki, Azərbaycan Qarabağ məsələsini daxili məsələ saydığından heç bir kənar dövlətlə onu müzakirə etməyəcək”. 
Ekspertin fikrincə, Prezidentin bu açıqlaması İrəvan və onun havadarlarına verilən qətiyyətli cavab kimi dəyərləndirilməlidir:
"Ermənistan rəhbərliyi riyakarcasına bir tərəfdən bəyan edir ki, Qarabağ məsələsi sülh müqaviləsində əks olunmayacaq. Ancaq digər tərəfdən erməni hökumət rəsmiləri Qarabağ məsələsinin beynəlxalq mexanizmlər çərçivəsində həllini, beynəlxalq sülhməramlılar, yaxud da faktaraşdırıcı missiyanın əraziyə gəlməsini tələb edir. Burada erməni hiyləsini görürük. Onlar bununla Bakı-Xankəndi danışıqları deyəndə separatçı rejimi müstəqil subyekt olaraq təqdim etməyə çalışır. Ona görə də Prezidentin sözügedən açıqlaması əslində İrəvan və havadarlarına qətiyyətli cavab idi”. 
Rüfət Sultan