Siyasət 11:24 28.05.2022

Prezidentin Zəngilandan verdiyi mesajlar... (ŞƏRH)

"Zəngilandan verilən mesajlar tarixi həqiqətə, beynəlxalq hüquqa və nəhayət ədalətə istinad edilərək verilirdi”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin may ayının 27-də Zəngilana səfəri zamanı Ağalı kəndində "Ağıllı kənd” layihəsinin açılşında çıxışını şərh edərkən deyib:

"Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən böyük quruculuq işlərindən danışaraq bu sırada Ağalı kəndində "ağıllı kənd” layihəsinin açılşında bir sıra mühüm məsələlərə kompleks şəkildə toxundu. Hər şeydən öncə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə başlayan Müstəqillik Günü ilə bağlı fikirlərini bildirərək onu hazırki reallıqlarla əlaqələndirdi. Qeyd etdi ki, əsil müstəqillik odur ki, məhz müstəqil siyasət apara biləsən. Azərbaycan isə özünün əsl müstəqilliyinə yalnız xalqın istəyi ilə böyük dövlət xadimi Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qovuşdu. Doğrudan da əldə etdiyimiz tarixi zəfərin qiymətləndirilməsi zamanı keçdiyimiz yola baxarkən bir daha qəti əmin olursan ki, bu tarixi zəfərə yalnız müstəqil siyasət həyata keçirməklə nail olmaq mümkün ola bilərdi. Tarixi təcrübə və siyasi keçmişimizdə elə acı nümunələr var ki, onalr məhz müstəqil milli siyasi iradənin nümayiş etdirilə bilməməsi səbəbindən başımıza gəlib. 1918-ci ildə tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın, İrəvanın, 1920-ci ildə Qərbi Zəngəzurun Ermənistana verilməsi hər nə qədər tarixi proseslərlə bağlı idisə, bir o qədər də həmin şərtlər içərisində müstəqil siyasətin olmaması ilə bğlı idi. Hazırda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, azad edilmiş torpaqlarımıza böyük qayıdış başlayıb. Nəhəng bir ərazi nəhəng tikinti, yol nəqliyyat və enerji kommunikasiyası meydançasına çevirilib. Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əsasında regionumuzun sülh gündəmi müəyyən edilib, Qərbi Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq əldə ounub, Şuşa regionun və türk dünyasının mədəniyyət mərkızlərindən birinə çevirilməkdədir. Bütün azad edilmiş şəhər və rayonlarımıza yollar çəkilir. Ermənistan mövcud olduğu tarixdən bu günə qədər heç vaxt yaşamadığı məğlubiyyətə məhkum edilib. Azərbaycana qarşı ən müxtəlif iddialardan geri çəkilməyə məcbur edilib. Bütün bunların isə hərbi-siyasi və diplomatik memarı müzəffər ali baş komandanımız İlham Əliyevdir”.

Deputat hesab edir ki, Zəngilandan verilən mesajlar da məhz yaradılmış bu reallığln verdiyi imkanlara söykənərək verilirdi.

Bahar Rüstəmli