Birinci Respublika Muğam müsabiqəsinin laureatı, Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist İlkin Əhmədovun Qaynarinfo-ya müsahibəsini təqdim edirik:
- Prezidentin Cəbrayıl şəhərinə səfəri və oradakı ziyalılarla görüşü digər işğaldan azad olunmuş ərazilərə olan səfərlərindən tamamilə fəqləndi və yaddaqalan oldu. Sizcə bunun səbəbi nə idi?
- Prezident işğaldan azad olunan ərazilərimizin hansı bölgəsinə səfər etsə, həmin səmimiyyəti və sevgini göstərir. Çünki millətini, xalqını ürəkdən sevir. Eləcə də Cəbrayıl şəhərində keçirdiyi görüşdə daha yüksək səmimiyyət göstərdi. Düşünürəm ki, Cəbrayıl Prezidentin 44 günlük müharibədə ilk zəfəri idi. Bəlkə də bu görüşdə ona görə qürurlandı, daha çox sevindi, şad oldu, duyğulu anlar yaşadı. Düşmən tərəfi Cəbrayıl, Füzuli, Ağdam ərazilərində böyük istehkamlar qurmuşdu, qüvvələr toplamışdı ki, onları keçmək çox çətin idi. Bu zəfər əsrlərlə yadda qalacaq, tarixlərə yazılacaq. Mən həmişə romanlarda, kitablarda oxuyurdum, görürdüm ki, bizim Koroğlu, Babək, Şah İsmayıl və s. kimi böyük qəhrəmanlarımız var. Dönüb tarixi xatırlayanda qürur duyuram ki, bizim həqiqətən də böyük qəhrəmanlarımız olub. Hərdən də bir hiss keçirirdim ki, kaş onları görə biləydim, yaxından ünsiyyət quraydım. Allah bunu bizə bu əsrdə qismət elədi. Biz real olaraq əsil sərkərdəni, hökmdarı gördük. Qorxmaz, cəsur, düşməni düz çökdürən sərkərdə ilə bir əsrdə, bir dövrdə, bir illərdə yaşayırıq.
- Siz Cəbrayıldan çıxanda neçə yaşınız vardı?
- Mən orda doğulmuşam və 8 yaşıma kimi Cəbrayılda yaşamışam. Kəndimiz ilə bağlı mənim uşaqlıq xatirələrim var. Bu 30 ili həmin xatirələrlə yaşamışam, təskinlik tapmışam. Kəndimizin hər qarışı, ağacı-dağı yadımdadır. Elə bir yeri unutmaq mümkün deyil. Müharibə ərəfəsində mən cəbhəyanı bölgələrdə olmuşam. Demək olar hər həftə orda idim, gücüm çatan səviyyədə maddi və mənəvi dəstəyi də vermişəm. Cəbrayıl azad olunandan 3-4 gün sonra kəndimizə yollandım.
- 30 ildən sonra evinizi necə gördünüz, ümumiyyətlə, ev vardımı?
– Öz hisslərimlə, heç kimin köməkliyi olmadan bir başa evimizə getdim. Heç nə yox, sadəcə evin nişanəsini tapdım. Saysız-hesabsız hisslər yaşadım, uşaqlığım lent kimi gözümdən keçdi, uşaq kimi kövrəldim. Cəbrayıl böyük bir şəhərdir. Uşaq olduğumdan çox az hissələri yadımda qalıb. İşğaldan sonra baxanda isə gördüm ki, Cəbrayıl nə qədər böyükmüş. Relyef baxımından da gözəl bir yerdə yerləşir. Həm dağlıq, həm çökəklilk, buz kimi kəhrizləri var. "Dostlar bulağı” deyən bir məkan var ki, artıq ziyarətgaha çevrilib. Sevincimdən ağladım.
– Cəbrayılda Prezident İlham Əliyevlə görüşünüzdən danışın…
- Hə, Prezidentlə görüşdə bir balaça dialoqumuz oldu. Efirə getməyib. Səmimi söhbətlər zamanı dedim ki, bir vaxtlar gəlirdik, Lələtəpə, Horadiz qəsəbəsindən həsrətlə boylanırdıq ki, bəlkə indi durduğumuz bu yerləri görə bilək. Cəbrayılın telestudiyası, "Ziyarət dağı” var, yalvarırdıq ki, nə olaydı, hava normal olaydı, bircə onları uzaqdan da olsa görə bilək. Duman olanda bu yerləri görmək mümkün deyil. İnanın səmimiyyətimizə, uzaqdan həmin "Ziyarət dağı”nı görsəydik, elə bilərdik ki, oranı ziyarət etmişik. Olmurdu, kor-peşman ağlayaraq qayıdıb gedirdik. Amma bu gün biz uzaqdan baxmaq üçün çırpındığımız yerdə Sizinlə dayanmışıq və Cəbrayıl bizimdir. Bunu deyəndə Prezidentimiz də kövrəldi. Şükürlər olsun bu günümüzə. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Azərbaycanın oğlu-qızı bizim hər birimizin fəxridir. Biz böyük xalqıq. Bir-birimizə can deməliyik. Bunu etməyə həm borcluyuq, həm də bu bizim haqqımızdır. Bizim bir-birimizdən başqa dayağımız yoxdur, bir-birimizdən başqa əlimizdən tutan yoxdur. Türk də bizim bir qardaşımızdı, amma bir xalq olaraq bizim balalarımız o torpaqları qanı-canı bahasına alıb. Bu gün bizdən sonra gələn nəsillər sevinclə yaşayacaqlar. Artıq alnımız açıqdır, üzümüz də ağ. Tədbirlərə sevinc hissi ilə gedirik. Mən tez-tez xarici ölkələrdə qastrol səfərlərində olurdum. Bir ayağım qaçaq olardı, yəni orada nankor, murdar tayfanın nümayəndələri də olurdu. Onlar mənimlə üz-üzə gəlirdi. Avropa ölkəsi, vurmalı deyil vurasan, söyməli deyil söyəsən. Amma bu gün mən hansı bir səfərə gedəsi olsam, əminliklə deyə bilərəm ki, onlar qaçacaq. Bu hadisənin dəfələrlə şahidi olanlar var. Xaricdə yaşayan soydaşlarımız deyir ki, ermənilər bizi görəndə 15 metr aralıdan qaçır. Ermənilər deyir ki, biz azərbaycanlıların üzünə çıxa bilmərik. Budur bizim qalibiyyətimiz. Uşaqdan böyüyə kimi hər kəs Prezidentin qədrini bilməlidir. Əsrlər bu cür sərkərdəni, hökmdarı nadir hallarda yetişdirir. Niyə də belə rəhbərin qədrini bilməyək? Allah Azərbaycanı qorusun. Şəhidlərə Allahdan rəhmət diləyirəm, qazilərimizə də can sağlığı. Nə qədər ömrümüz var Prezidentin arxasında olmalıyıq. İşini düzgün apara bilməyən məmurlar var ki, onlar da yavaş-yavaş rədd olurlar. Prezident hamısının cəzasını verir. Əgər yenə xəyanət eləyən olacaqsa, onlar da cavabını alacaqlar. Buna əminik.
Bahar Rüstəmli