Rusiya prezidenti Vladimir Putinin yaxın vaxtlarda Azərbaycana səfəri gözlənilir. Səfərin məqsədi və Bakıya hansı təkliflərlə gəlməsi haqda müxtəlif versiyalar var.
Mövzu ilə bağlı Qaynarinfo.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, Rusiyanın məqsədi hər kəsə məlumdur: "Rusiya imperialist dövlətdir. İdarə olunan münaqişə vasitəsilə bölgəni nəzarətdə saxlayır".
Zərdüşt Əlizadənin sözlərinə görə, Ermənistanla Azərbaycan Qarabağ münaqişəsinə görə Rusiyadan asılıdır: "Rusiyanın məqsədi münaqişəni dondurmaq, formatını dəyişmiş halda olsa belə saxlamaq, vaxtı uzadaraq öz nəzarətini gücləndirməkdir. Bunun üçün ən yaxşı variant sülhməramlı adlanan qoşunlarını gətirib bölgədə yerləşdirməkdir. Buna əvvələcə nə Ermənistan, nə də Azərbaycan razı deyildi. Amma son hadisələrdən sonra Ermənistanı razı sala biliblər. İndi Azərbaycanı "yola gətirməyə" çalışırlar. Azərbaycanı razı salmaq üçün hakimiyyəti müxtəlif vasitələrlə - çevrilişlə, münaqişənin qızışması, Rusiyanın hərbi müdaxiləsi ilə və s. yollarla hədələyirlər. Buna dözmək üçün daxildə olan satqınları da təmizləmək lazımdır. Rusiyanın müdaxiləsinin qarşısını almaq üçün Türkiyədən və NATO-dan zəmanət alınmalıdır. Azərbaycan istənilən halda Rusiyanın təklifindən imtina etməlidir".
Zərdüşt Əlizadə
"Atlas" araşdırmalar mərkəzi isə öz məqaləsində Rusiya prezidentinin Azərbaycana səfəri ilə bağlı iki versiya irəli sürüb. Birinci versiya bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı Putinin planının ümumi konturları hazırdır və o, bu planın detalları ilə azərbaycanlı həmkarını tanış etmək istəyir: "Aydındır ki, Putin bu planını erməni həmkarına da təqdim etməlidir. Ona görə də plan müzakirə olunduğu müddətdə Putin hər iki tərəfi atəşkəsə riayət etməyə çağıracaq. Görünür, o da hiss edir ki, yaxın aylarda bölgədə böyük müharibə başlaya bilər. Rusiya prezidenti isə Cənubi Qafqazda başlana biləcək müharibədən ehtiyat edir, Suriya və Ukraynada məsələləri bitməmiş cənub istiqamətində də enerjisi itkisindən qorxur. Çünki Qərb Rusiyanı zəiflətmək üçün müxtəlif yollar axtarır. Rusiya Cənubi Qafqazda başlanacaq müharibədə Ermənistanı müdafiə etsə və hərbi toqquşmalara müdaxilə etsə, Azərbaycanla münasibətlərini gərginləşdirməklə yanaşı, Qərb və İslam dünyası ilə münasibətlərini pisləşdirəcək".
İkinci versiya isə bundan ibarətdir ki, Putin keçmiş prezident Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 2011-ci ildə hazırladığı “Kazan prinsiplərini” yenidən rəsmi Bakıya qəbul etdirməyə çalışacaq: "Putin bunula bərabər, Bakıda xarici işlər naziri Sergey Lavrovun “atəşkəsə riayət olunmalıdır”, “insidentlər araşdırılmalıdır” kimi fikirlərini təkrarlaya bilər. Hazırki vəziyyətdə statusun müəyyənləşməsini nəzərdə tutan “Kazan prinsipləri” Azərbaycanın maraqlarına uyğun deyil. Putinin hazırladığı başqa planın da Azərbaycanın maraqlarına uyğun olacağını vurğulamaq problematikdir.
Azərbaycanın hakim dairələri və cəmiyyətinin Rusiyaya inamı azdır. Kremlin Ermənistan hakimiyyətinə təsir edib ilkin şərt irəli sürmədən Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldacağına inam yoxdur. Ona görə də Putinin Azərbaycan və Ermənistana səfərinin ciddi effekti olmayacaq. Kreml, sadəcə müharibənin başlanmasını əngəlləmək üçün vaxt qazanmaq istəyir".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az