"Düşünürəm ki, Brüsseldə dekabrın 15-də Bakı ilə İrəvan arasında baş tutacaq yüksək səviyyəli görüşə qədər, Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin görüşü təşkil olunacaq. Rusiya rəhbərlərinin görüşü təşkil olunacaq. Belə bir üçtərəfli görüş noyabrın sonu, dekabrın əvvəllərində baş tuta bilər. Bütün hallarda bu görüş Brüsseldə olacaq görüşdən əvvəl baş tutacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında olan telefon danışığını şərh edərkən deyib. Həmsöhbətimizin fikrincə, Putinin təşəbbüsü ilə baş tutan bu telefon danışığı onu göstərir ki, Rusiya son yaşanan hadisələrdən o qədər də məmnun qalmayıb:
"Bakı, İrəvan və Moskva arasında birgə görüşün keçirilməsi məsələsi məhz Paşinyan tərəfindən sabotaj olundu və onun ardınca Azərbaycan-Ermənistan sərhədində hərbi qarşıdurma yaşandı. Bundan sonra yenidən Rusiyanın prosesə müdaxiləsilə atəşkəs təmin olundu. Ardınca, Moskvanın tövsiyəsiylə sərhədlərin müəyyənləşməsi, demarkasiyasının müzakirə predmetinə çevrilməsinin əsas məqsədi o idi ki, həmin məsələ razılaşdırılarsa, Ermənistanın iddiasına görə, Azərbaycanın əldə etdiyi yeni ərazilərdən, keçmiş SSRİ xətirəsinə uyğun olaraq əvvəlki mövqelərinə qayıtmasını təmin edəcək. Bu, belədə hiyləgər variantdır”.
N. Miri qeyd edir ki, Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə görüşü Kremli əməlli-başlı özündən çıxarıb. O bildirir ki, Putinin Paşinyana zəngi də bununla bağlıdır:
"Kommunikasiyaların açılması, sərhədlərin demarkasiyasını təcili qaydada müzakirə predmetinə çevirməyin toqquşmanın qarşısını ala biləcəyi təklifinə qarışıq olaraq İrəvan Avropa İttifaqının keçirəcəyi tədbirdə Azərbaycan Prezidentiylə baş-başa görüşə razılıq verib. Bu isə anlaşılmazlıq yaradıb. Putinin təcili zəngi də bilavasitə bununla bağlıdır. Görünür, bu zənglə Putin Paşinyandan Qarabağ müharibəsindən doğan bəzi nəticələri, sərhədlərin müəyyənləşməsi və kommunikasiyaların açılması ilə bağlı İrəvanın mövqeyində hansısa dəyişikliyin olub-olmadığını soruşub”.
Politoloqun fikrincə, sözügedən ikitərəfli görüşün Aİ-nin moderatorluğu ilə keçirilməsini Moskva özünün beynəlxalq imicinə zərbə kimi dəyərləndirir. Bu səbəbdən Putin telefon zəngilə Paşinyana xəbərdarlıq edib:
"Hərbi qarşıdurmanı yenidən dayandıran Rusiyadır. Moskva sərhədlərin müəyyənləşməsi və kommunikasiyaların açılması məsələsinin müzakirə olunması və anlaşmanın əldə olunduğunu bütün dünyaya təbliğ edir. Belə vəziyyətdə bütün bu uğurları Aİ Ermənistan rəhbərliyinin əliylə Rusiyanın əlindən oğurlamağa cəhd edir. Telefon danışığında yəqin ki, Paşinyana bu istiqamətdə xəbərdarlıq edilib. Həmin zənglə Paşinyana onu gözləyəcək bəzi təhlükələr xatırladılıb”.
Rüfət Sultan