Siyasət 13:10 12.09.2022

Putin Makronun təklifinə hansı cavabı verəcək? (ŞƏRH)

Rusiya ordusunun Xarkov vilayətində ağır fiaskoya uğramasının ardınca Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinə zəng edib. Makron Putini hərbi əməliyyatları tez bir zamanda dayandırmağı və yayın əvvəlindən dayandırılmış danışıqları bərpa etməyi təklif edib. Fransa Prezidenti həmçinin, Rusiyanın davam edən hərbi əməliyyatlarını pisləyib və Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına çağırıb. 

Xarkov vilayəti istiqamətində düşdüyü ağır vəziyyət fonunda Putin Makronun məsləhətinə qulaq asaraq hərbi əməliyyatları dayandıra bilərmi?
 
Mövzu ilə  bağlı Qaynarinfo-ya açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edir ki, ola bilsin son proseslər fonunda Putin Makronun hərbi əməliyyatların dayandırılması təklifinə "hə” desin: 



"İndi hərbi əməliyyatların davamını daha çox Ukrayna istəyir. Bu baxımdan istisna etmirəm ki, hərbi əməliyyatlar dayansın. İndiki mərhələdə hərbi baxımdan tərəflər öz imkanları daxilində maksimum nəticəyə nail ola biliblər. Başa düşməliyik ki, həm Rusiya, həm də Qərb tərəfdən səslənən proqnozlar hərbi təbliğat müharibəsinin bir hissəsidir. Odur ki, belə məlumatlara tam inanmaq düzgün olmazdı. Çünki hər zaman reallıq fərqli olur”. 

Həmsöhbətimizin fikrincə, indiki mərhələdə ən yaxşı çıxış yolu atəşkəsin təmin edilməsidir:

"Ukrayna siyasi baxımdan artıq müharibəni udub. Rusiyanın hərəkəti birmənalı şəkildə beynəlxalq qanunlara zidddir. Ona görə də beynəlxalq qurumlar Rusiyanın işğalını tanımayacaq. İmkan verməliyik ki, Rusiyada siyasi böhran daha da dərinləşsin. Bəlkə bunun nəticəsində Rusiya müharibə olmadan gələcəkdə işğal etdiyi torpaqları Ukraynaya qaytaracaq. Çünki hərbi əməliyyatla hansısa tərəfin məğlub olacağına inanmıram”. 

Rüfət Sultan