Xəbər lenti

"Putinin açıqlaması ilk dəfədir ki, ədalətli mövqeyə daha yaxın olub" - Taleh Əliyev
Siyasət09:59 06.10.2023

"Putinin açıqlaması ilk dəfədir ki, ədalətli mövqeyə daha yaxın olub" - Taleh Əliyev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiya Prezidentinin Valday Klubundakı son açıqlaması Azərbaycanın tarixi və hüquqi baxımından ədalətli mövqeyinə daha yaxın olub. İlk dəfə idi ki, Putin erməniləri məyus edən bir açıqlama ilə çıxış edib”.
Bunu Qaynarinfo-ya politoloq Taleh Əliyev Rusiya dövlət başçısı Putinin "Valday” klubunda çıxışı zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərdə toxunduğu məqamları şərh edərkən deyib:
"İndiyə qədər Ermənistanla Azərbaycan arasında olan münasibətlərlə bağlı Rusiyanın ənənəvi olaraq  nisbətən İrəvanın xeyrinə verdiyi açıqlamalardan fərqli olaraq, bu il Moskvanın Qarabağ məsələsində  daha adil və ədalətli mövqe tutmasının şahidi olduq. Amma bu heç də Rusiyanın siyasətində beynəlxalq  hüquq, ümumbəşəri dəyər və demokratiyaya olan müsbət yanaşmasının təzahürü deyil. Bu, Rusiyanı  fakt qarşısında qoyan mövcud Ermənistan hakimiyyətinin antirusiya siyasətindən irəli gələrək ortaya atılan bir mövqedir. Paşinyanın Qarabağı Azərbaycanın ərazi bütövlüyü kimi tanıması barədə verdiyi açıqlama, Azərbaycan Ordusunun keçirdiyi uğurlu lokal antiterror əməliyyatı Rusiyanı da fakt qarşısında qoydu. Rus sülhməramlılarının bölgədə qalması üçün daha elə bir ciddi əsas səbəb də qalmır. Bunu Ermənistan daxilində şovinist qüvvələrin, "5-ci kolonun” Paşinyan hakimiyyəti üzrəində yeni təzyiqlər əldə etməsi baxımından, Valday Diskussiya Klubunda Putinin kifayət qədər İrəvan əleyhinə olan və mövcud situasiyada Azərbaycanı qane edən açıqlamalar olduğunu hesab etmək olar. Bu açıqlamalardan ən praktiki olanı odur ki, rus sülhməramlı qüvvələri Ağdərə, Şuşanın kəndləri və Əsgəran rayonu ərazisindəki postları tərk edərək geri çəkiliblər. Geri dedikdə, Xankəndi, Xocalı və Xocavənd istiqamətləri nəzərdə tutulur. Güman ki, artıq o ərazilərdə ermənilər yaşamadığına görə qısa müddətdə həmin ərazilərdən də sülhməramlıların geri çəkilməsinin şahidi olacağıq”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 5-də Soçidə keçirilən "Valday” Diskussiya  Klubunun iclasında Azərbaycan Ermənistan münasibətləri və Qarabağ məsələsinə də toxunub. Putin Qarabağdakı antiterror əməliyyatına görə Ermənistanın Baş naziri Nikol Paşinyanı və Avropa Birliyinin rəhbəri Şarl Mişeli ittiham edib. Putinin  məntiqnə görə, Şarl Mişel Nikol Paşinyanı Praqada Azərbaycanın ərazi bütövlüyünü tanımağa razı salandan sonra Rusiyanın Azərbaycanı dayandırmaq imkanları heçə enib. 
Rüfət Sultan