"Rusiya hesab edir ki, bu məsələ Azərbaycanın hərbi əməliyyatları ilə deyil, masadakı danışıqlarla həll olunacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Şahin Cəfərli Rusiya prezidenti Vladimir Putinin Rusiya mətbuatına Dağlıq Qarabağ münaqişəzi zonasıdakı vəziyyətlə bağlı açıqlamasını şərh edərkən deyib. Politoloq hesab edir ki, V.Putinin açıqlamasında bir necə diqqət çəkən məqam var:
"Birincisi, Putin bildirib ki, hərbi əməliyyatlar Ermənistanın ərazisində getmir. Yəni, Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistanla müttəfiqlik öhdəliklərinin yerinə yetirməsi üçün hazırda əsas yoxdur. Bu o deməkdir ki, Rusiya münaqişəyə hər hansı hərbi müdaxilə etməyəcək. Ən önəmli məsələ budur”.
Şahin Cəfərli Rusiya Prezidentinin açıqlamasında xoşagəlməz məqamların da olduğunu vurğulayıb:
"Putin deyir: "Belə görünür ki, münaqişə hələ tezliklə həll olunmayacaq”. Bu onu deməyə əsas verir ki, Putinin düşüncəsinə görə, Azərbaycanın hazırkı əməliyyatları münaqişənin yekun həllinə gətirib çıxarmayacaq. Əvvəl-axır problem masada həll olunacaq. Ola bilsin, Putin inanır ki, tezliklə atəşkəs əldə olunacaq və yaxud da hesab edir ki, əməliyyatlar uzanacaq və mövqe döyüşləri xarakteri alacaq.
İkinci mühüm açıqlaması isə Putin orada qeyd edir ki, həm Azərbaycan, həm Ermənistan, həm Dağlıq Qarabağ əraziləri bizim üçün yad ərazilər deyil. Yəni, faktiki Dağlıq Qarabağı orada ayrıca qeyd edir. Açığı bu da bizim üçün xoşagələn məqam deyil. Düşünürəm ki, bunu bəlkə də mexaniki olaraq belə deyib. Bundan hansısa ciddi nəticələr çıxarmağa dəyməz”.
Poltoloq qeyd edib ki, açıqlamadan hiss olunur ki, Rusiya münaqişəyə hər hansı hərbi müdaxilə etməyəcək:
"Yəni, bundan arxayın olmaq olar. Amma bütün hallarda Rusiya tezliklə atəşkəsin əldə olunmasına çalışır. Rusiya hesab edir ki, bu məsələ Azərbaycanın hərbi əməliyyatları ilə deyil, masadakı danışıqlarla həll olunacaq”.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Rusiya mətbuatına Dağlıq Qarabağ münaqişəsi zonasıdakı vəziyyəti şərh edib.
Bahar Rüstəmli