"Hazırda Ermənistan oyundankənar vəziyyətdədir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımlı Rusiya Prezidenti Vladimir Putinin "Rossiya-24" telekanalına müsahibəsini şərh edərkən deyib. O, Putinin bu müsahibəsində Qarabağ məsələsindəki fikirlərinə görə daha səmimi gördüyünü vurğulayıb:
"Mən heç də onun bizim maraqlarımıza uyğun davrandığını, ya da davranacağını, niyyətinin yaxşı olub-olmayacağını nəzərdə tutmuram təbii ki. İstər Şuşa, istər Paşinyan, istərsə də münaqişə və o cümlədən Rusiyanın maraqları ilə bağlı çox açıq danışdı. Bütün diplomatik sədləri nəzərə alaraq o qədər açıq danışdı. Sözsüz, orada gizlin təhdidlər, açıq etiraflar da vardı. Danışmasına danışdı, amma siyasət elədir ki, insanlar, xüsusən də dövlət adamları bir şey danışırlar, tamamilə başqa şey fikirləşirlər və üçüncü bir şeyi edirlər. Yəni, bu hələ heç bir anlama gəlmir. Gözləməliyik. Onun fikirlərinə görə qərar vermək yalnışlıqdır. Hər şeyi zaman göstərəcək”.
Azər Qasımlı qeyd edib ki, siyasətdə tək danışıq yox, eyni zamanda güc balansı da var:
"Güc balansı nədir? Hazırda Ermənistan oyundankənar vəziyyətdədir. Onun yerini tamamilə Rusiya tutur. Qarabağda olan qondarma rejim bundan sonra Rusiyanın nəzarəti altında olacaq. Onların və Ermənistanın adından bilavasitə Rusiya çıxış edəcək. Biz Rusiya isə Qarabağ məsələsində üzbəüz qalmışıq və qalacağıq. Real vəziyyət budur”.
Politoloqun fikirincə, Rusiya prezidentinin müsahibəsinin müsbət tərəfləri də var:
"Amma müsbət tərəfi də odur ki, Türkiyənin bu bölgədə müəyyən mənada artıq bir varlığı var. Və aktivdir. Düşünürəm ki, irəlidə daha da aktiv olacaq. Bu, güc balansı üçün müsbətdir. Güc balansı siyasətdə tamamilə dəyişəndə əlbəttə ki, sən nələrisə qurban vermək, yaxud da geri çəkilmək məcburiyyətində qalırsan. Ona görə də məsələyə güc balansı tərəfindən baxmaq lazımdır. Siyasət güc balansına uyğun olaraq həyata keçirilir. Hazırda güc balansı odur ki, Ermənistan yoxdur, onun yerinə Rusiya var. Türkiyə də bu bölgədə güclü ola bilər. Biz də Türkiyə ilə birlikdə Rusiyaya qarşı bir güc balansı formalaşdıra bilərik”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin "Rossiya-24" telekanalına müsahibə verib.
Bahar Rüstəmli