"Moskva və onun yaratdığı KTMT NATO-nun şərqə doğru genişlənməsindən narahatdır. KTMT Şurasının növbəti toplantısında həmin məsələnin gündəmin əsas mövzusu olacağı gözlənilir. Bu mənada sözügedən mövzunun müzakirəsi ərəfəsində Kreml son zamanlar Qərbə meyillənməyə başlamış Paşinyan hökumətinin mövqeyini dəqiqləşdirmək istəyir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu dekabrın 22-24-də Ermənistanda olacaq KTMT-nin baş katibi Stanislav Zasın səfərinin məqsədlərini dəyərləndirərkən deyib:
"Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının gündəmində duran əsas məsələ heç şübhəsiz ki, NATO-nun şərqə doğru genişlənməsilə bağlı yaranan mövcud problemlərdir. KTMT Şurasının növbəti iclasında NATO ilə Rusiyanın patronajlığı altında olan məlum qurum arasında münasibətlərin mövcud durumu və perspektiv imkanlar müzakirə olunacaq”.
Bu mənada həmsöhbətimiz düşünür ki, həmin toplantıdan istifadə edərək İrəvan Şuranın Azərbaycana münasibətdəki mövqeyində hansısa ciddi dəyişikliklərə nail ola bilməyəcək:
"Qurumun toplantısında Azərbaycanın marağına cavab verməyən hər hansı bir məsələ müzakirə edilməyəcək. Məlum hərbi-siyasi blokun Ermənistan-Azərbaycan münaqişəsinə münasibəti birmənalı olub. Azərbaycanın ərazi bütövlüyü tanınıb. 44 günlük savaş dönəmində də Şura Azərbaycanın öz ərazilərini azad etmək uğrunda mübarizə apardığını bəyan etdi. Bu mənada dolayısı ilə həmin məsələdə Moskva və Minsk Azərbaycana dəstək oldular. Qurumdakı türkdilli ölkələr də bir qayda olaraq Azərbaycanla ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında maraqlı olublar. Rusiyanın məqsədi NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaqdır. Bu mənada da KTMT Şurasının növbəti toplantısında əsasən məhz bu məsələyə baxılacaq. Stanislav Zasın İrəvana səfəri də məhz bu məqsədlə bağlıdır”.
Qeyd edək ki, KTMT-nin baş katibi Stanislav Zas dekabrın 22-24 arasında İrəvanda səfərdə olacaq. Onu da vurğulayaq ki, KTMT Xarici İşlər və Müdafiə Nazirləri Şuralarının, eləcə də Təhlükəsizlik Şurası Katibləri Komitəsinin növbəti iclası gələn ilin birinci yarısında Ermənistanda keçiriləcək".
Rüfət Sultan