"Bu açıqlama ilə Putinin hansısa tərəf tutduğunu düşünmürəm".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya prezidenti Vladimir Putinin MDB-nin Bişkek sammitində Azərbaycan və Ermənistan sərhədi haqda dediklərini şərh edərkən deyib.
Politoloq bildirib ki, burada əsas hədəf sülh müqaviləsinin imzalanmasıdır:
"Çünki ərazilər metrlərlə ölçülərsə, yaranmış vəziyyət danışıqlar prosesinin uzanmasına gətirib çıxaracaq ki, bu da yeni toqquşma ehtimalı yaradır. Məsələnin Putin tərəfindən bu şəkildə qoyulması onun üçün rahat ola bilər. Çünki Rusiyanın torpaqları ucsuz bucaqsızdır və bu ərazilərdən kiməsə bir santimetr belə vermir. Ancaq bu məsələ kiçik dövlətlər üçün daha həssas mövzu ola bilər".
Ekspert qeyd edib ki, Putinin bu açıqlamasından sui-istifadə edən Ermənistandakı "5-ci kolon” nümayəndələri Paşinyanı devirmək üçün yararlanmağa çalışırlar:
"Bu məsələdən sui-istifadə edib, kimlərisə satqınlıqda ittiham edən tərəflər də var. Ermənistanda onlar Rusiyaya işləyən revanşist "5-ci kolon” nümayəndələridir. Onlar satqın, xəyanət kimi yarlıqlardan istifadə edib, Paşinyanı aşağılamaq və devirmək istəyirlər. Ona görə də bu məsələ lazım olandan artıq şişirdilir. Ermənistan dövləti Azərbaycan torpaqları hesabına ərsəyə gəlib. Azərbaycan torpaqları keçən əsrin 20-ci ilindən üzü bəri çox rahatlıqla Ermənistana peşkəş edilib. Putin bu gerçəkliyi də nəzərə alaraq, dolayısı ilə İrəvana mesaj verir ki, həmin torpaqlar ermənilərin deyil"
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin MDB dövlət başçılarının Bişkekdə keçirilən sammiti zamanı Azərbaycan və Ermənistan sərhədi haqda dedikləri erməniləri təşvişə salıb. Putin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası zamanı ortaq nöqtənin tapılması çağırışını edib:
"Bir istiqamətdə 100 metr, başqa istiqamətdə 1 kilometr irəli, yaxud geri olması o qədər də vacib deyil. Vacib olan budur ki, hər iki tərəfin xoş niyyəti olsun”.
Onun bu sözləri İrəvanda təşviş yaradıb. "Hraparak" nəşri yazır ki, Putin qanlı müharibədən özünə hələ də gələ bilməyən Ermənistanı aşağılayır. "Sərhəddə Ermənistan hansısa istiqamətdə 100 metr irəli gedəcəksə, başqa istiqamətdə Azərbaycan 1 kilometr irəliləyəcək. Daha doğrusu Azərbaycana bunu verəcəklər”, deyə nəşr iddia edib.
Rüfət Sultan
Şərhlər