Xəbər lenti

Ekonomiks 14:18 28.04.2026

"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti "İS Təmir Tikinti” şirkəti ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilədə Bakı, Sumqayıt, Mingəçevir şəhərlərində və Biləsuvar, Bərdə rayonlarında salınmış məcburi köçkün qəsəbəsində fərdi yaşayış evlərinin və mənzillərinin təmir nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 447 667,61 manat təşkil edir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "İS Təmir Tikinti” MMC 22 fevral 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsi, ev 90, mənzil 9-da yerləşir. Şirkətin qanuni təmsilçisi Qasımov Sərvər Səməd oğludur. Açıq mənbələrdə Sərvər Qasımov haqqında heç bir məlumat yoxdur. 

"İS Təmir Tikinti” MMC-yə gəlincə, şirkət əvvəllər "Kral Təmir Tikinti” adı ilə fəaliyyət göstərib. Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlardan görünür ki, "Kral Təmir Tikinti” MMC satınalma müsabiqələrində fəal iştirak edib və əsasən iri məbləğli tenderlərin qalibi olub. Şirkətin adı dəyişdiriləndən sonra da tenderlərə qatılmağı davam etdirib. 

Maraqlıdır ki, "İS Təmir Tikinti” MMC sifarişləri əsasən Qaçqınların və Məcburi Köçkünlərin Mənzil İstismar Departamentindən alır. Qurum ötən il də adıçəkilən şirkətlə satınalma müqavilələri imzalayıb. Müqavilələrdən biri Bakı, Şirvan və Yevlax şəhərləri, Bərdə və Hacıqabul rayonlarında salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin, mənzillərin, binaların fasad üzlüyünün və pilləkən qəfəslərinin, digəri isə Bakı və Sumqayıt şəhərləri, Abşeron, Şabran və Kürdəmir rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yerləşən mənzillərin və fərdi yaşayış evlərinin təmiri ilə bağlıdır. 

Hər iki müqavilə üzrə satınalma predmetinin ümumi qiyməti 678 152,92 manat təşkil edib. 

Mediada "İS Təmir Tikinti” MMC-nin "Qaçqınkom”un Mənzil İstismar Departamentinin elan etdiyi tenderlərin qalibi seçilməsi şirkətin sözügedən qurumla arasında olan əlaqələrlər izah edilir. İddialara görə, "İS Təmir Tikinti” MMC Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədova yaxın şirkətdir. 

Sonda qeyd edək ki, hazırda vergi sistemində şirkətin 3599,82 manat vergi borcunun olduğu görünür. Qanunvericiliyə görə, vergi borcu olan şirkətlər satınalma müsabiqələrində iştirak edə bilməz.

Seyid
--> -->