Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “ Qadınlar və Seçkilər” koalisiyasının həyata keçirdiyi “Prezident seçkilərində qadın seçicilərin seçki aktivliyinin artırılması” layihəsinin yekunlarına dair mətbuat konfransı keçirilib.
Qaynar.info-nun məlumatına görə,tədbirdə Qadın Konsensus Mərkəzinin sədri Aynur Camalqızı, Bakı Dövlət Universitetinin (BDU) müəllimi, professor Alxan Məmmədov, respublikanın xalq və əməkdar artistləri Nəzakət Teymurova, Gülüstan Quliyeva və başqa tanınmış şəxslər iştirak ediblər.
Konfransda çıxış edən koalisiyanın rəhbəri, Qadın Konsensus Mərkəzinin sədri Aynur Camalqızı koalisiya üzvlərinin Azərbaycanın 10 rayonunda – Şamaxı, Quba, Qusar, Ağsu, Siyəzən, Şabran, Xaçmaz, Göyçay, Xızı, Qobustan, eləcə də, Bakının Səbail və Yasamal rayonlarında yerli qadınların iştirak ilə keçirdikləri görüşlərin nəticələrindən bəhs edib. A.Camalqızı bildirib ki, keçirilən görüşlərdə ölkənin elm adamları və ictimai xadimləri – professor Məhərrəm Qasımlı, Bakı Dövlət Universitetinin (BDU) müəllimi, professor Alxan Məmmədov, fəlsəfə doktoru Şərəf Cəlilli, “Vətəndaş Cəmiyyəti” jurnalının baş redaktoru Səfər Alışarlı, respublikanın xalq və əməkdar artistləri Nəzakət Teymurova, Gülüstan Quliyeva, Aybəniz Haşımova, Elza Seyidcahan iştirak ediblər. Koalisiyanın rəhbəri deyib ki, layihə çərçivəsində “Qadınlar və Seçkilər” mövzusunda bülletenlər hazırlanıb və regionlarda yaşayan qadın seçicilər arasında paylanılıb: “Rayonlarda keçirdiyimiz müxtəlif görüşlərin hər birində 250-300 qadınla görüşürdük. Bu görüşlərdə bizə aydın oldu ki, 9 oktyabr seçkiklərində qadınlarımız seçki hüquqlarından aktiv şəkildə istifadə edəcək və səsverməyə gedəcək. Hətta müxtəlif rayonlarda seçki ilə bağlı təbliğat-təşviqat işlərində qadınların aparıcı qüvvə olduqlarının şahidi olduq. Onlar açıq şəkildə bizə bildirirdilər ki, artıq öz seçimlərini ediblər, seçkilərdə ləyaqətli namizədə səs verəcəklər”.
Tədbirin davamında müxtəlif sənət və peşə sahələrində tanınmış qadınların timsalında Azərbaycan qadınının karyera və ailə fəaliyyətindən danışılıb.
Qeyd edək ki, “Qadınlar və Seçkilər” koalisiyası Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb və özündə 5 qadın təşkilatını – “Qadın Konsensus Mərkəzi”, “Sahibkarlar Qadınlar”, “Regional Qadın Təşəbbüsləri”, “Regional Gender Mərkəzi” İctimai Birlikləri və “İnkişaf” Sosial-İqtisadi Araşdırmalar Mərkəzini birləşdirir.
Qaynar.info