
İdris Heydərli
Qafqaz Orta Doğunun Fələstinidir. "Rusiyanın məhvi Qafqazlarla başlayacaq", - deyir Navalnıy.
Ramazan Abulatibov Qafqazın yeni canişini, yeni Sisyanovudur. General Zubovun dərin düşüncəsini yazan Platon Zubov idi. Onun yazdıqlarını general tətbiq etmək məcburiyyətində idi.
200 ildir ki, Qafqazlar Rusiyanın müstəmləkəsidir. Qafqaza və Xəzərə hökmranlıqla imperiya olan Rusiya bu ərazilərə mərkəz kimi Tiflisi seçmişdi.
Bəs bu 200 ildə dəyişən nə oldu?
Tiflis artıq imperiyanın mərkəzi statusundan çıxıb. Yeni mərkəz Dərbənd olur.
Dərbəndin 2000 illiyi birbaşa Rusiya prezidentinin sərəncamı ilə qeyd olunur. Dərbəndilər - orta çağların böyük mütəfəkkirləri, rus elmin parçası sayılacaqlar.
Qafqazda avar və ləzgi xalqlarının qarşıdurmasından yeni sərhədlər yaradılacaq . Azərbaycanın baş şəhəri Dərbənddə ləzgilərin, Dağıstanın mərkəzi Mahaçqala avarların atlarına qışlayacaq.
Və beləcə...Yeni bir Qarabağ problemi yaşamaq məcburiyyətində olacağıq.
Ermənilər Qafqazlardan aldıqları payla bu ərzilərin əsas oyunçusu statusundan çıxmaq arzusundadırlar. Onlar artıq İran və Rusiyanın geopolitikasında söz sahibləridirlər. Dünyanın güc balansında İsrail və Ermənistan faktoru hələ də rəqabət mövzusudur.
Kimə sahib çıxmaq istəyindən aslı olaraq, bu oyunda ya İsrail, ya da Ermənistan qazanmalıdır. Çünki qaynar qazanda soyuq yer olmur.
Abbas Mirzə Paskeviçə məktublarında “Xristianların hamisi olaraq görünmək istəyirsiniz, amma xristanlar Sizlərdən çəkdiklərini min illərdir ki, bərabər yaşadıqları müsəlmanlardan görməyiblər “, - deyirdi.
Qafqaz yenə qaynayır. Amma kimsə anlamır ki, nə bişirilir?
Qafqazlarda oyunçuların sayı artıb, zaman isə 200 il öncəsi kimidir.
Gülüstan kəndində yaşayanların o gün heç nədən xəbərləri yox idi. Olmadı da. Heç bundan sonra da olmayacaq...
Bir zaman "birləşdirildi", "xilas oldular" yazdılar...
Bəs indi nə yazacaqlar?!
Demək, düyünü özümüz çözməliyik. Çünki qədərimizi özümüz yazmayınca, kədərimiz yazılacaq. Və bunu zövq ala-ala, sevinə-sevinə, qəh-qəhə çəkə-çəkə yazacaqlar...
Qaynar.info