"Cənubi Qafqazda geosiyasi rəqabət yeni impuls qazanıb. Co Bayden administrasiyasının Vladimir Putinlə münasibətlərinin kəskinləşməsinin nümünələri postsovet məkanında da özünü göstərməkdədir. Rusiyanın bu coğrafiyada iddialı çıxış etməsinə qarşı Amerika müəyyən həmlələr edib və belə görünür etməyə də davam edəcək. Bu konteksdə Azərbaycan postsovet məkanında və Cənubi Qafqazda çox əhəmiyyətli bir yerə sahibdir. 44 günlük döyüşlər bir daha göstərdi ki, Azərbaycan regionda davranışları dəyişdirə biləcək, mütləq diqqətə və nəzərə alınmalı olan aktyordur. Çünki Azərbaycan postsovet məkanında itirilmiş torpaqlarını böyük ölçüdə geri qaytaran tək ölkədir. Nə Gürcüstan, nə də Ukrayna işğal problemini həll edə bilməyib. Hər iki dövlətə Qərb ölkələrinin çox böyük dəstəyi var.”.
Bu fikirləri Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy ölkədə yaşanan son hadisələrin geosiyasi səbəblərini Qaynarinfo üçün şərh edərkən deyib. Siyasi analitik qlobal güclərin Cənubi Qafqazdakı maraqlarına toxunub:
"ABŞ-da demokratların xarici siyasətində Azərbaycanla bağlı demokratiya, insan hüquqları sahəsində müəyyən neqativ məsələr həmişə qabardılıb. Amma indi ABŞ-ın yeni administrasiyası Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıqda maraqlıdır. Baydenin Prezident İlham Əliyevə son Novruz təbrikində də bu açıq ifadə edilirdi.
Amerika eyni zamanda müttəfiqlərindən də Cənubi Qafqazda fəallaşmasını tələb edir. ABŞ-ın Qafqazda fəallaşmasının digər bir cəbhəsi də Avropadır. Fransa müharibə zamanı ermənipərəst mövqedən çıxış edirdi. Müharibənin nəticələrindən sonra rəsmi Parisin siyasətində dəyişiklik müşahidə edirik. Bu baxımdan, Fransa səfirinin Azərbaycanı əməkdaşlıq etməyə çağırışı da təsadüf deyil.
İngiltərənin son vaxtlar Azərbaycana marağı artmağa başlayıb. Burada Almaniyanın mövqeyi maraqlıdır. Almaniya Cənubi Qafqazda özünə yeni sahə açmaq istəyir. Müşahidələr onu göstərir ki, Almaniya bu istəyini əməkdaşlıqla reallaşdıra bilməyəcəyini düşünür. Əsrin əvvəlində ənənəvi Almaniyanın Cənubi Qafqazdakı maraqları Gürcüstanın menşevik hakimiyyəti ilə bağlı idi. Fransa ermənilərlə, biz isə Britaniya ilə işləyirdik. İndi isə Gürcüstanı Almaniya üçün itirmiş saymaq olar. Ona görə də Almaniya Azərbaycan üzərindən Qafqazda nəyəsə nail olmaq istəyir. Bunun üçün təzyiq yolundan istifadə etməyə başlayıb, Avropadakı bütün imkanlarından yararlanmağa çalışır. Buna görə Almaniyada Azərbaycanla əməkdaşlıq edən deputatlar başda olmaqla bəlli dairələrə təzyiqlər başlanılıb. Həm də Almaniyada bu ilin payızında seçkilər olacaq. Seçkilər ərəfəsində bu ölkədə türk faktoru müəyyən əhəmiyyətə malikdir. Bu baxımdan türk əleyhdarlığının Türkiyənin müttəfiqi olan Azərbaycana qarşı çevrilməsi tendensiyası da var. Türkiyə ilə də əvvəllər təzyiq dili ilə danışmağa çalışırdılar. Görünür, indi Türkiyə ilə bu formada münasibətləri tənzimləyə bilməmələri səbəbindən onun müttəfiqi Azərbaycan hədəf seçilib. 44 günlük döyüşlər zamanı nəinki Almaniya mediası, hətta Avropanın bütün alman dilli mətbuatı Azərbaycana qarşı neqativ məsələləri gündəmə gətirməyə cəhd edirdi. Almaniyanın Azərbaycandakı səfirinin müharibə zamanı və müharibədən sonrakı davranışları da bunu göstərir. Dediyim kimi, Almaniyanın Cənubi Qafqazda özünə yeni meydan açmaq istəməsi və payızda keçiriləcək seçkilər Azərbaycana qarşı indiki münasibətlərdə önəmli faktordur.
Maraqlıdır ki, Almaniyanın Azərbaycana münasibəti Avropa İttifaqı ilə rəsmi Bakının münasibətlərindən fərqlənir. Avropa İttifaqı Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycanla əməkdaşlıq müqaviləsinin bağlanması istiqamətində müsbət mesajlar verməkdədir.
Cənubi Qafqazdakı rəqabətdə Çinin də fəallaşması diqqətdən yayınmamalıdır.
Son Qarabağ müharibəsi bölgədəki güc nisbətini Rusiya və Türkiyənin xeyrinə dəyişib, bölgədə yeni geosiyasi durum yaranıb. ABŞ başda olmaqla Almaniya da müəyyən qədər proseslərdən kənarda qalıb. Bunu kompensasiya etmək üçün bölgədə fəallaşmaq istəyirlər".
Nazim Cəfərsoyun fikrincə, Cənubi Qafqazda qlobal güclərin, konkret Qərb ölkələri ilə Rusiyanın fəallıq göstərməsi istər-istəməz Azərbaycanın daxili siyasətinə də sirayət edir. Bu o deməkdir ki, Rusiya və Amerikanın Azərbaycandakı imkanları fəallaşdırılmaqdadır:
"Azərbaycan hakimiyyətində dəyişiklik istəyən və status-kvonun dəyişməsini istəməyən qüvvələrin olması, ölkə rəhbərliyinin ordunun Türkiyə modeli əsasında təşkil etmək istəməsi və s. amillər qlobal güclərin Azərbaycanın daxili siyasi proseslərində maraqlı olmasını şərtləndirir. Bu baxımdan, ölkədə cəmiyyətin bütün həssas olduğu məsələlərdə (Qarabağ, Rusiya, Nəcməddin Sadıqov, qadın, işgəncələr və s.) sadə insanın əsəblərinə toxunacaq fəaliyyətlər artıb. Bu çərçivədə konyukturaya uyğun olaraq din, məzhəb, milli kimlik, cəmiyyətdə hörmət edilən tarixi şəxsiyyətlərə və insanlara yönəlik gərginlik artıran bənzər yeni hadisələrin olması ehtimalı yüksəkdir. Həmçinin, pandemiyanin və artan iqtisadi çətinliklərin yaratdığı gərginliklə dediyim hadisələr birləşəndə cəmiyyətin reaksiyasının dozası və forması millət və dövlət üçün o qədər də yaxşı şeylər vəd etmir”.
Siyasi analitik hesab edir ki, regionda geosiyasi rəqabətin artması fonunda daxili proseslərin ölkənin maraqlarına uyğun formada getməsi üçün siyasi hakimiyyət oyun qaydalarına dəyişiklik etməli, baş verən hadisələrdə daha açıq olmalıdır:
"Necə ki, Türkiyədə bənzər hadisələr zamanı Ərdoğan açıq danışaraq xalqın dəstəyini qazana bildi. Həmçinin, hakimiyyət cəmiyyətdə, eləcə də siyasətdə münasibətləri normallaşdırmağa çalışmalıdır".
Orxan Əhmədli