
"Qarabağ probleminin həlli ilə bağlı yeni imkanlar yaranıb. Bu imkanları Ermənistanın səhvi yaradıb və bundan dərhal istifadə etmək lazımdır. Heç kimə sirr deyil ki, Ermənistanın xarici siyasəti çox vaxt bizimkindən güclü olub".
Qaynar.info-nun verdiyi məlumata görə, bu fikirləri AXCP sədri Əli Kərimli özünün "Facebook" səhifəsində bəyan edib. O, bildirib ki, bir tərəfdən bu işğalçı dövlət bütün zamanlarda Rusiyadan hərbi, siyasi, iqtisadi dəstək alıb, digər tərəfdən də işğalçı və haqsız ola-ola ABŞ başda olmaqla, Qərbin də özünə dəstəyini təmin edib: "Yalnız 1993-cü ilin birinci yarısı istisnalıq təşkil edir. O zaman demokratik Azərbaycan Türkiyənin və Qərbin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının torpaqlarımızın erməni işğalından dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edən qətnamələrinin qəbuluna nail olmuşdu".
Azərbaycan üçün yeni və əlverişli situasiyanın yarandığını yazan AXCP sədri qeyd edib ki, Rusiyanın təzyiqi ilə Ermənistan nəhayət, seçim etdi: "Rusiyanın liderlik etdiyi Gömrük İttifaqına qoşulacağını bəyan etdi və ilk dəfə Qərbdən sərt reaksiya ilə üzləşdi. Avropa Birliyi (AB) açıq şəkildə bildirdi ki, Ermənistan Gömrük İttifaqına qoşulduğu üçün artıq AB ilə Assossasiya Sazişi imzalaya bilməz. Başqa sözlə, daha eyni vaxtda iki stulda oturmaq mümkün olmayacaq. Bu günlərdə isə AB parlamenti Azərbaycanın ərazi bütövlüyünə və BMT TŞ-nın Qarabağla bağlı qətnamələrinə növbəti dəfə öz dəstəyini ifadə etdi. Daha əvvəllər isə NATO sammiti Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etmişdi. Günümüzün reallığı isə ondan ibarətdir ki, ərazi münaqişələrində (regional güclərin də marağı nəzərə alınmaqla) son sözü ABŞ və AB deyir. Sübut üçün Kosova və digər münaqişələrin taleyini yada salmaq kifayətdir. Üstəlik Azərbaycanın İslam Təşkilatı Konfransından da tam dəstəyi var. Beləliklə, Azərbaycan Avropa Birliyinə inteqrasiya xətti seçməklə, Rusiya və onun peykləri istisna olmaqla, öz ərazi bütövlüyünə bütün dünyanın dəstəyini təmin edə bilər. Bu isə Ermənistanın təcridinə və bir gün bu reallıqla barışmasına gətirib çıxarar".
Qaynar.info