"Kənd Təsərrüfatı Nazirliyi, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, tikinti işlərinə baxan nazirlik və dövlət idarələri, bir neçə universitet işğaldan azad olunmuş regiona köçürülməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında ReAL-ın icra katibi Natiq Cəfərli torpaqlarımızın işğaldan azad edilməsi fonunda Bakıda cəmlənən əhalinin mühüm hissəsinin Qarabağa könüllü gedişi və burada əhalinin ciddi artımına nail olmaq üçün hansı addımların atılmasından danışarkən deyib. Ekspertin sözlərinə görə, bu, mümkün olmaqla yanaşı, onu etməyə həm də borcluyuq:
"Yaxın 10 ildə işğaldan azad olunmuş ərazilərimizə heç olmsa 1,5 milyon əhalinin köçürülməsini və normal yaşayışını təmin edə bilməsək, perspektivdə strateji olaraq uduzacağıq. Ona görə də buna nail olmaq üçün fürsət və imkanlar yaradılmalıdır. İqtisadi fürsətlər səbəbindən az qala ölkə əhalisinin yarıdan çoxu, Bakı, Sumqayıt və Abşeron ərazisində cəmləşib”.
N. Cəfərlinin fikrincə, bu istiqamətdə bəzi addımların ardıcıllığı indidən planlaşdırılmalıdır:
"Tək evlərin tikintisi, mənzillərin bərpası yetərli deyil. İqtisadi fürsətlərin yaradılması üçün ardıcıl addımlar atılmalıdır. Bu istiqamətdə atılması vacib addımlardan biri həmin ərazidəki 2-3 şəhərdə bir neçə yeni universitetin yaradılması, yaxud da Bakıdakı bəzi universitetlərin ora köçürülməsidir. Universitetlər şəhər yaradacaq və yaşayışı təmin edəcək obyektlərdir. Hər bir universitetdə 15-20 min tələbənin oxuması istər-istəməz iqtisadi canlanmaya gətirəcək. Habelə bəzi dövlət qurumları da işğaldan azad olunmuş rayonlara köçürülməlidir. Kənd Təsərrüfatı Nazirliyi, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, tikinti işlərinə baxan nazirlik və dövlət idarələri həmin regiona köçürülməlidir”.
Ekspertə görə, daha yaxşı yanaşma isə həmin bölgələrdə investisiya, yatırımlar üçün gözəl şəraitin yaradılmasından keçir. Təşviq, dəstək proqramları əhalinin təbii yolla bu ərazilərimizə köçmələrini stimullaşdıracaq.
Bu məsələlərin həllinə nail olmaq üçün iqtisadçı ekspert düşünür ki, kifayət qədər alət və fürsətlər mövcuddur:
"Sadəcə, hökumətin işğaldan azad olunmuş ərazilərə qlobal baxışı, vizyonu, əlaqələndirilmiş şəkildə şəhər və qəsəbələrin yaradılması, böyüdülməsi prinsipləri olmalıdır”.
Lakin N. Cəfərli təəssüflə bildirib ki, hələlik bu istiqamətdə pərakəndəlik hökm sürür:
"Ağıllı kənd”, "ağıllı şəhər” tipli yalnız reklam xarakterli layihələr var. Amma onların alt yapısı yoxdur, davamlılığı sual doğurur”.
Rüfət Sultan