“Qarabağ”ın Polşanın “Qurnik Zabje” klubunda çıxış edən nigeriyalı vinger Taofik İsmaili heyətinə qatmaq cəhdləri davam edir.
Qaynarinfo Polşa mediasına istinadən xəbər verir ki, tərəflər arasında danışıqların artıq son mərhələyə yaxınlaşdığı bildirilir.
26 yaşlı futbolçu üçün Ağdam klubunun 700 min avro (təxminən 1,4 milyon manat) ödəməyə hazır olduğu qeyd olunur. İsmailin “Qurnik”dəki mövqeyinin zəifləməsi də transfer ehtimalını artıran amillərdən biridir. Polşa klubunun baş məşqçisinin futbolçuya əvvəlki kimi güvənmədiyi və onun UEFA Konfrans Liqasının “Monako” ilə pley-off matçları üçün heyətə daxil edilmədiyi bildirilir.
Nigeriyalı vinger ötən mövsümü icarə əsasında “Lex Poznan”da keçirib. O, daha əvvəl “Fredrikstad”, “Loryen”, “Valerenqa” və “Beveren” kimi klubların da formasını geyinib.
İsmailin “Qurnik Zabje” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Futbolçunun əsas mövqeyi cinah olsa da, hücumun müxtəlif bölgələrində də oynaya bilir.
Şərhlər