"Qarabağ erməniləri qaz və elektrik enerjisi ilə təminata görə hesabı şübhəsiz ki, Azərbaycan manatı ilə ödəyəcəklər və bunun mexanizmləri hazırlanacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında bunu konfliktoloq Üzeyir Şəfiyev qondarma rejim rəhbəri Araik Arutyunyanın Ağdam-Xankəndi yolunun açıldığını elan etməsi və bu yolla ərazinin qaz və elektrik enerjisilə təmin ediləcəyi, tikinti materialları, dərmanlar gətiriləcəyi ilə bağlı səsləndirdiyi fikri fonunda manatla ödəmə prosesinin necə tənzimlənəcəyinə aydınlıq gətirərkən deyib:
"Gec-tez bu baş verməli idi. BMT Təhlükəsizlik Şurasındakı müzakirələr də göstərdi ki, ermənilərin humanitar fəlakət adı ilə törətmək istədikləri təxribata beynəxalq ictimaiyyət də dəstək vermədi. Onlar başa düşdü ki, öz çirkin niyyətlərinə nail ola bilməyəcəklər”.
Ekspert bildirib ki, Azərbaycanın Ağdam-Xankəndi təklifinə ermənilər razılaşacaq:
"Ağdam-Xankəndi yolu vasitəsilə Azərbaycanın öz ərazisi və əhalisi olan Qarabağ ermənilərinin qaz, elektrik enerjisi ilə təminatı və digər məsələlər şübhəsiz ki, milli valyutamızla həyata keçiriləcək. Şübhəsiz ki, bunun mexanizmləri də hazırlanır. Azərbaycanın yuridiksiyası bütün Qarabağ iqtisadi rayonunda tam təmin olunacaq”.
Həmsöhbətimizə görə, bu mexanizm tədrici proses olacaq:
"Ancaq çox sadə prosesdir. Azərbaycan Konstitusiyası və qanunlarını qəbul edəcəkləri təqdirdə, digər ölkə vətəndaşları kimi ermənilər də qaz və elektrik enerjisi pulunu manatla ödəyəcəklər. Onun reallaşması da ermənilərin özlərini necə aparmalarından asılı olacaq. Rusiya, İran və Fransa tərəfindən məsələnin gerçəkləşməsinə müəyyən əngəllər törədilə bilər. Amma onların nə etmələrindən asılı olmayaraq, Azərbaycan öz qanuni haqq yolundan geri çəkilməyəcək. Onlar Azərbaycanın təklif etdiyi variantı qəbul etməlidir”.
Qeyd edək ki, Ermənistanın "Joxovurd” qəzetinin məlumatına görə, Qarabağdakı qondarma rejimin "lideri" Arayik Arutyunyan dünən "təhlükəsizlik şurası”nın iclasında Ağdam-Xankəndi yolunun açıldığını elan edib. Arayık vurğulayıb ki, bu yolla tikinti materialları, dizel yanacağı, dərmanlar gətiriləcək. Arutyunyan bildirib ki, növbəti mərhələdə qaz və elektrik təchizatı məsələsi də müzakirə ediləcək: "Bu da Azərbaycan tərəfindən həyata keçiriləcək".
Rüfət Sultan