Siyasət 18:13 02.09.2022

Qarabağ erməniləri siyahıya alınacaqmı? (ŞƏRH)

Rusiyanın "Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko sosial şəbəkə hesabında yazıb ki, Qarabağ erməniləri siyahıya alınmalıdır:

"Qarabağ ermənilərinin siyahıya alınması lazımdır. Bu proses  onların dəqiq sayını və statusunu (burada yaşayan və ya əcnəbilər və s.) aydınlaşdırmaq, habelə onların Ermənistan vətəndaşlığından çıxmaq və Azərbaycan vətəndaşlığını almağa hazır olduqlarını başa düşmək üçün aparılmalıdır”. Korotçenko bu prosesin necə və hansı mərhələlərlə həyata keçirilə biləcəyilə dair fikirlərini də bölüşüb:"Aydındır ki, qanunsuz erməni silahlı birləşmələrinin bölgədən çıxarılmasından və separatçı administrasiyanın fəaliyyətinə son qoyulmasından dərhal sonra bu mümkün ola bilər. Azərbaycanın daxili işlər nazirliyi və statistika orqanları 2023-cü ildə siyahıyaalma keçirə bilər”. 

Məsələni Qaynarinfo-ya açıqlamasında şərh edən politoloq Əlimusa İbrahimov bildirir ki, Korotçenkonun belə bir təkliflə çıxış etməsi ermənilər üçün yeni bir xəbərdarlıqdır:

"Rusiya hakim dairələrinə yaxınlığı ilə seçilən Korotçenkonun bu açıqlaması onu deməyə əsas verir ki, o həmin təklifləri Kremldə oturan hakim dairələrdən alıb. Azərbaycan mütləq Qarabağda siyahıyaalınma həyata keçirməlidir. Özü də təcili şəkildə bu işlərə başlamalıyıq. Orada yaşayan əhalinin dəqiq sayı, onların Azərbaycan vətəndaşı kimi qalıb yaşamaq istəyib-istəmədikləri müəyyən olunmalıdır. Düşünürəm ki, Azərbaycan yaxın günlərdə bu istiqamətdə addım atmağa başlayacaq. Gec-tez hadisələr məhz bu istiqamətdə inkişaf etməlidir və edəcək. Azərbaycan addım-addım maneələri aşaraq Qarabağla bağlı bütün istəklərinə nail olur. Artıq Azərbaycanda oradakı ermənilərin siyahıyaalınması istiqamətində söhbətlər gedir. Bakı artıq bu istiqamətdə addımlar atır. Bu müstəvidə qısa müddətdən sonra Qarabağda yaşayan bütün ermənilərin tam siyahısının Azərbaycanın əlində olacağına şübhə etmirəm”. 

Rüfət Sultan