Siyasət 14:59 22.10.2022

Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası baş tutacaqmı? - Ekspert

Müzəffər Azərbaycan Ordusunun torpaqlarımızı azad etməsilə yekunlaşan 44 günlük müharibə bitəndən sonra əsas məsələlərdən biri Ermənistanla sülh müqaviləsinin bağlanmasıdır. Digər mühüm məsələ isə Qarabağda yaşayan erməni vətəndaşların Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələsidir. 

QAFSAM sədri Araz Aslanlı Qaynarinfo-ya açıqlamasında ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının necə həyata keçirilə biləcəyindən danışıb. Onun fikrincə, reinteqrasiyanın hansı səviyyə, hansı çərçivə, müddət və proseslə baş verəcəyinə qərar vermək üçün öncə mövcud problemin səviyyəsinin nə olduğu müəyyən edilməlidir: 

"Qarabağ ermənilərindən ibarət sosial qrup normalda Azərbaycan vətəndaşlarıdır. Keçən əsrin 80-ci illərin ortalarından etibarən Ermənistan ərazi iddiaları ilə çıxış etməsəydi, təxribatlar törətməsəydi, bu gün bu mövzu barədə danışmağa da ehtiyac olmazdı və ermənilər də Azərbaycanda yaşayan digər etnik qruplar kimi bu prosesin kimi bir parçası olacaqdılar. Lakin Ermənistanın işğalçı siyasəti və məlum dövlətlərin ona dəstək verməsi təəssüf ki, fərqli mənzərə yaradıb. Azərbaycan dövlətilə Qarabağdakı erməni vətəndaşları arasında problem yoxdur. Problemi işğalçı dövlət özü yaradır". 



Həmsöhbətimiz qeyd edir ki, Ermənistan və ona dəstək verən ölkələrin təxribatları problem yaradır:

"Azərbaycanın Qarabağdan kənar hissələrdə yaşayan erməni vətəndaşlarımızla heç bir problemi yoxdur. Deməli, problem etnik mahiyyətli deyil. Problem Ermənistanın işğalçılıq siyasətindən və ona dəstək verən ölkələrin təxribatlarından doğan problemdir. Əvvəlcə kənar qüvvələrin burada hansı səviyyədə təxribata nail olduğunu müəyyənləşdirməliyik. Daha sonra işğal prosesi dövründə insanlıq əleyhinə cinayət işlədənlər ayrılacaq. Onlara münasibətdə hüquqa uyğun addımlar atılacaq”. 

Ekspertin fikrincə, cinayət əməlində iştirak etməyən sadə ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün isə mənəvi, sosial, iqtisadi, siyasi, habelə onlarda Azərbaycan dövləti və xalqı ilə bağlı yaradılan yanlış təsəvvürlərin aradan qaldırılması yolunda müəyyən psixoloji addımlar atılmalıdır:
 
"Sadə erməni vətəndaşlarla cinayətkarların ayrılması da diqqətli aparılmalıdır. Müəyyən mərhələlərdə kiçik miqyaslı qanun pozuntusuna yol verənlərlə bağlı bir qədər daha tolerant davranmaq da mümkündür. Bir sözlə, ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün mənəvi, sosial, iqtisadi, siyasi, psixoloji, təhlükəsizlik istiqamətlərində kollektiv, mürəkkəb plan işlənməlidir. Hansısa kənar dövlətlər bu addımları pozmaq təşəbbüsündə bulunmasa, əminəm ki, Azərbaycan dövləti onu uğurla reallaşdıracaq”. 

Rüfət Sultan