Xəbər lenti

"Qarabağ"ı Avroliqanın qrup mərhələsində nə gözləyir? - Talıbovun şərhi
İdman08:55 02.09.2023

"Qarabağ"ı Avroliqanın qrup mərhələsində nə gözləyir? - Talıbovun şərhi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ” ən azı qış fasiləsinə qədər Avroliqanın qrup mərhələsində çıxış edəcək. Azərbaycan çempionu qrupda "Bayer” (Almaniya), "Molde” (Norveç) və "Haçken”lə (İsveç) mübarizə aparacaq.
Əfqan Talıbov Qaynarinfo-ya açıqlamasında təmsilçimizin düşdüyü qrupu analiz edib. Mütəxəssis "Bayer”lə yanaşı, "Molde” və "Haçken”in də təhlükəli komandalar olduğunu vurğulayıb:
"Adlarından görünür ki, ciddi komandadırlar. Xüsusən də skandinav klubları hər dəfə Avroliqanın qrupuna düşmürlər. "Bayer” haqqında çox danışmağa ehtiyac yoxdur. "Böyük beşlik” ölkələrindən birinin təmsilçisidir. Xabi Alonsonun gəlişindən sonra komandada irəliləyiş var. Keçən il də səhv etmirəmsə, yarımfinala qədər gəlmişdilər. Qrupun favoritidir. Evdə çətin ki, hansısa komandanı əldən buraxar. Bu rəqibi yalnız səfərdə büdrədə bilərlər. "Bayer” kuboku qazanmaq istəyir. Həm də oyununa görə rəqiblərindən üstündür”.
Talıbov "Molde”nin "Qalatasaray”la matçlarını nümunə göstərdi:
"Molde” "Qalatasaray”la matçlarda həddindən artıq təhlükəli olduğunu göstərdi. Komanda çox çətinliklə üzləşdi. Elə epizodlar vardı ki, Okan Buruk əlini oturduqları yerə çırpırdı, əsəbiləşirdi. Evdə azarkeşin dəstəyi ilə çox güclü, təzyiqli oyun nümayiş etdirirlər. Fikrimcə, "Molde” ilə səfərdə oynamaq çox çətin olacaq”. 
Məşqçi İsveç təmsilçisini də analiz etdi:
"Yavaş-yavaş Avropa Liqasına gəlib çıxdılar. Qol buraxırlar. Amma həm də qollar vururlar. Hücumda aktiv oynayan komandadır. "Qarabağ” rəqiblərindən fərqli olaraq, hər il avrokubokların qrup mərhələsində çıxış edir. Bu amili nəzərə almaq lazımdır. Heç kimin qarşısında əskiklikləri yoxdur. 10 ildir bu yolu gedir, qruplarda oynayır. Hansı yolu necə getmək lazım olduğunu bilir. Fikrimcə, çox maraqlı oyunlar gözləyir bizi. "Olimpiya” və HJK-dən fərqli olaraq, bu iki komanda fiziki göstəricilərinə görə çox təhlükəlidir. "Molde" "Qalatasaray"ı elə hala salmışdı ki… Üsütünlük əldə edəndən sonra "Qalatasaray” topu hara gəldi vurub meydandan çıxarırdı. Güc-bəla ilə qələbə qazandılar. "Qarabağ” təcrübə hesabına oynayacaq. Amma rəqiblərin səhvlərdən istifadə etmək məsələsi də var”.
Mütəxəssis "Qarabağ”ın oyunu haqda da fikirlərini bildirdi:
"Qrupda fərqli oynayacaqlar. Bir qədər ehtiyatlı olacaqlar. "Qarabağ” bütün rəqiblərlə oyunda açıq futbola üstünlük verir. Meydanda öz oyunu ilə diktə etmək istəyir. Amma "Molde” ilə "Haçken” təhlükəlidir. Güclü əks-hücumlara çıxırlar, cəld oynayırlar deyə, hücumları kəskin alınır. "Qarabağ”ın "Olimpiya” ilə oyunu müəyyən dərəcədə alınmaya bilərdi. Rəqibi topsuz qoymaq, çoxlu təhlükəli vəziyyətlər yaratmaq - bunlar o qədər də alınmadı. Amma nəticə etibarı ilə "Qarabağ” nəzarəti əlində saxlamışdı. Səfərdə qalib gəldikdən sonra, Bakıda oyuna "Qarabağ” nəzarət edirdi, nə vaxt, necə istəyirdilərsə, elə də istiqamət verirdilər. Yəni, riskə getmədilər. Fikrimcə, "Olimpiya” qol vursaydı, "Qarabağ” yenə fərqlənəcəkdi. "Olimpiya”nın hücumda effektivliyi yox idi. Ancaq qrupdakı oyunlarda baxarsınız, "Molde” və "Haçken” hücumda effektli olacaq. Hündürboy futbolçuları var, başla çox təhlükəli oynayırlar. Birinci oyundan çox şey asılıdır. Məğlub olmamaq, xalla başlamaq, "Qarabağ”a imkan verəcək ki, digər oyunlara daha ciddi yanaşsın. Fikrimcə, ikinci yer uğrunda, üç komanda - "Qarabağ”, "Molde” və "Haçken” vuruşacaq. "Frayburq”u Bakıda görmüşdük. "Alman maşını” qrupda birinci oldu. Alman komandalarının gücü, fəaliyyəti, oyun üslubu nədir, bilirik. Hələlik çətin olan digərləridir. "Qarabağ” evdə onlar üzərində qələbə qazansa, səfər matçları daha yaxşı alınacaq. Fikrimcə, doqquz xal yığmaq və növbəti mərhələyə keçmək olar”.
Səbuhi Həsənov