Siyasət 14:23 27.01.2023

Qarabağa beynəxalq sülhməramlı missiya gələ bilərmi? (ŞƏRH)

"Bu gün üçün Qarabağdakı Rusiya sülhməramlılarının dəyişdirilərək, beynəlxalq mandat altında bir neçə ölkənin sülhməramlılarından ibarət olmasına ehtiyac yoxdur. Ancaq belə zərurət yaranarsa, bu Bakı ilə razılaşdırılmalı və müsbət nəticə verəcəyi təqdirdə, həmin kontingentdə Türkiyə sülhməramlılarının olması labüd və qaçılmazdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Qarabağda müvəqqəti yerləşən rus sülhməramlılarının beynəlxalq mandatlı missiya ilə əvəzlənməsi məsələsinə toxunarkən deyib. Ekspert bildirib ki, bu hansısa bir siyasi mərkəzlərin Bakı ilə razılaşdırmadan təkbaşına verəcəyi qərar deyil:



"Ermənistana istənilən beynəlxalq təşkilatın, hər hansı bir ölkənin mülki və ya hərbi missiyasının gəlməsinə hardasa İrəvanın daxili işi kimi baxıla bilər. Amma separatçı rejimin nəzarətində olan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinə hər hansı bir müşahidə missiyasının gəlişi, istərsə də həmin ərazilərdə yerləşdirilən rus sülhməramlılarının bir neçə dövlətin silahlı qüvvələrindən ibarət beynəlxalq sülhməramlı kontingentlə əvəzlənməsi ilk növbədə Bakı ilə razılaşdırılmalıdır. Bu hansısa bir siyasi mərkəzlərin Bakı ilə razılaşdırmadan təkbaşına verəcəyi qərar deyil. Bu prosesdə daha aktiv Avropa İttifaqında ciddi söz sahibi olan Fransanın təəssüf ki, ölkəmizə qarşı məkirli və ikili siyasətə söykənən siyasətinin şahidi oluruq. Belə olan halda, Avropa İttifaqının mandatı adı altında Azərbaycana bu kimi silahlı qüvvələrin gəlişini məqsədəuyğun saya bilmərik”. 

Həmsöhbətimiz qeyd edir ki, daha geniş kontingentin olmasını Bakı məqsədəuyğun hesab etsə, bu zaman prosesdə ilk növbədə Türkiyə sülhməramlıları təmsil olunmalıdır:

"Digər tərəfdən, kim olmasından asılı olmayaraq, yerləşdiriləcək sülh missiyasının konkret sülh quruculuğu ilə bağlı aydın yol xəritəsi və müddəti göstərilməklə fəaliyyət planı olmalıdır. Sülhməramlı missiyanın aydın fəaliyyət proqramı olmadığı halda, atılan bu addım da sülh quruculuğuna heç nə verməyəcək”. 

Rüfət Sultan