Brüsseldə Ermənistan-Azərbaycan arasında danışıqlar başa çatar-çatmaz Rusiya sülhməramlıları tərəfindən gərginliyə səbəb olacaq növbəti addımlar atıldı. Məlumata görə, Rusiya hərbi kontingenti avqustun 31-dən etibarən nəzarət-müşahidə postlarının sayını 25-dən 30-a qaldırıb.
Mətbuatın yazdığına görə, bu fakt Rusiya Müdafiə nazirliyinin rəsmi saytının sülhməramlılara aid bölməsindəki xəbər bülleteni və hərbi kontingentin dislokasiyasına aid infoqrafik xəritələrdən bəlli olub. Məlumatda bildirilir ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarının icrası çərçivəsində və Laçın dəhlizinin marşrutunun dəyişdirilməsi ilə əlaqədar müşahidə məntəqələrinin yerləşdiyi yerlər dəqiqləşdirilib: "30 müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyətin monitorinqini aparır və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər”.
Bundan əvvəlki, 27 avqust tarixli bülletendə isə müşahidə məntəqələrinin sayının 27-dən 25-ə endirildiyi bildirilirdi: "2022-ci il avqustun 26-dan üçtərəfli bəyanatın icrası çərçivəsində Rusiya sülhməramlı kontingentinin iki müşahidə məntəqəsi azaldılıb”.
Rusiya sülhməramlıları hansı əsasla Azərbaycan ərazisindəki postlarının sayını artırır?
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirir ki, nəzarət-müşahidə məntəqələrinin sayının artırılması Laçın dəhlizinə alternativ yolun istifadəyə verilməsilə bağlıdır:
"Sülhməramlı kontingentin Qarabağda birgə bəyanatın şərtlərindən kənar hər hansı bir fəaliyyəti mütləq Azərbaycanla razılaşdırılmalıdır. Nəzarət-müşahidə məntəqələrinin 25-dən 30 qədər artırılması böyük ehtimalla Laçın dəhlizinə alternativ olan yeni yolun istifadəyə verilməsilə bağlıdır. Çünki hazırkı vəziyyətdə Rusiya sülhməramlıları həm Laçın dəhlizində müşahidə aparır, həm də yeni alternativ yolda nəzarət-buraxılış funksiyalarını həyata keçirirlər”.
Həmsöhbətimiz sülhməramlıların fəaliyyətində ciddi boşluqların olduğunu bildirir:
"Sentyabrın 2-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qarabağa səfər edib, Xankəndində görüşlər keçirib. Bu isə Azərbaycanın maraqları, onun ərazi bütövlüyünə qarşı növbəti təxribatdır. Belə təxribatın qarşısının alınması üçün Azərbaycan ərazidə rusların nəzarfət-buraxılış məntəqəsindən əvvəl öz müşahidə məntəqələri və nəzarət mexanizmlərini yerləşdirməlidir. Çünki rusların bu məsələ üzrə fəaliyyətində ciddi boşluqlar olduğunu dəfələrlə müşahidə etmişik. Sülhməramlılar isə yalnız Azərbaycan tərəfindən onlara həvalə olunan ərazilərdə atəşkəsə nəzarəti həyata keçirməlidir. Əraziyə giriş-çıxış və daşınma məsələlərinə nəzarət isə Azərbaycan tərəfindən həyata keçirilməlidir”.
Rüfət Sultan
Şərhlər