"Qarabağdakı rus sülməramlıların BMT-nin sülhməramlı missiyası ilə əvəzlənməsi təklifi reallaşmayacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamədə qeyd olunan Qarabağdakı rus sülhməramlıların BMT-nin sülhməramlı qüvvələrilə əvəzlənməsi ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.
Arif Əliyev bildirib, rus sülhməramlılarının BMT sülhməramlı missiyası adı altında fransızlarla əvəzlənməsi Parisin çoxdankı arzusudur:
"Müəyyən məlumatlar sızıb ki, hətta Qarabağda antiterror əməliyyatı başlamamışdan əvvəl buna tam hazırlıq gedib. Bunun üçün Fransa diplomatiyasının Avropa İttifaqında ən yaxın müttəfiqlərinə belə təzyiq göstərməsi barədə məlumatlar var. Amma bu məsələ Azərbaycanın ərazisinə aid olan məsələdir. Odur ki, Bakı buna heç bir halda icazə verməz. Ehtimal ki, bu senarilərin hamısı Azərbaycan tərəfindən əməliyyat hazırlananda nəzərdən keçirilib və ona hazırlıq var. Bu mənada, rus sülhməramlılarının Qarabağda BMT-nin sülhməramlı missiyası ilə əvəzlənməsi məsələsi reallaşan deyil. Bu məsələ heç bir ciddi nəticə verməyəcək. Çünki Fransadan başqa ciddi marağı olan digər dövlətlər yoxdur. Bir məsələni nəzərə almalıyıq ki, belə qərarlar bir-iki dövlətin istəyilə qəbul olunmur. Geniş dairə bu kimi məsələlərin müzakirəsində iştirak edir. Həmin dairədə sözügedən təşəbbüsü xoşlamayan, həm də Azərbaycanla dost olan dövlətlər də var. Ona görə də prosesin nəticə verəcəyini düşünmürəm”.
Qeyd edək ki, Avropa Parlamenti Azərbaycanın Qarabağda hərbi əməliyyatlarını pisləyən və bunun məsuliyyətini daşıyanlara sanksiya tətbiq edilməsinə, Avropa İttifaqının rəsmi Bakı münasibətlərinə yenidən baxmasına çağıran qətnamə qəbul edib. Qətnamədə bir sıra məqamlar yer alıb. Onlardan biri odur ki, Avropa Parlamenti, rus sülhməramlı qüvvələrinin təcili olaraq BMT-nin sülhməramlı missiyası ilə əvəz edilməsinə çağırış edib.
Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti sülhməramlı kontingentin Qarabağdan çıxarılmasının vaxtını müzakirə etmək üçün cümə günü İrəvana səfər edəcək. Bu barədə TASS-a diplomatik mənbə məlumat verib.
"Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcək. Ermənistan tərəfi ilə görüşdə Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdan çıxarılmasının konkret tarixləri müzakirə olunacaq", deyə mənbə bildirib.
Rüfət Sultan