Sentyabrın 9-da Qarabağdakı separatçı rejimin keçirdiyi "qondarma” seçkilər heç bir ölkə tərəfindən tanınmayıb. Eyni zamanda, bütün beynəlxalq mərkəzlər bu "seçkini” pisləyən bəyanatlar verib. Maraqlısı odur ki, Ermənistan da Xankəndidəki "seçki”ni tanımayıb.
Qondarma "seçki”də separatçıların yeni "başçısı” seçilən Samvel Şahramanyanı Ermənistan rəsmiləri "təbrik” etməyib. Nə baş nazir Nikol Paşinyan, nə parlament sədri Alen Simonyan, nə də hər hansı səviyyədəki bir rəsmi şəxs nəinki təbrik ünvanlamayıb, ümumiyyətlə "seçkilərlə” bağlı mövqe açıqlamayıblar.
Onu da qeyd edək ki, bu, Ermənistan işğalçılıq siyasətinin əks olunduğu son 30 illik tarixində ilk belə hadisədir.
Politoloq Zərdüşt Əlizadə Qaynarinfo-ya açıqlamasında bildirib ki, məzhəkənin öz sonuncu nöqtəsinə çatdığını Ermənistan hakimiyyəti də artıq anladığından, onlar da digərləri kimi saxta "seçki”ni tanımayıblar:
"Paşinyan həmin saxta seçkidən əvvəl, sentyabrın 2-də Qarabağ ermənilərinin elan etdikləri "müstəqillik” gününü təbrik etmişdi. Ona da Azərbaycan tərəfindən kəskin tənqidi münasibət bildirildi. Belə vəziyyətdə Paşinyan başa düşdü ki, həmin təbriki etməkdə böyük səhvə yol verib. Ona görə də saxta "seçkilər"dən sonra təkrar hansısa bir günah işlətməkdən çəkindi.
Digər tərəfdən, dünya ölkələrinin bu "seçki”ni tənqid edən bəyanatlar yayması fonunda, Paşinyan da tanımamağa üstünlük verməyə məcbur olub. Hamı, o cümlədən Paşinyan da gözəl anlayır ki, məhzəkə özünün sonuncu nöqtəsinə yaxınlaşır. Gec, tez sona çatacaq. Ona görə də bilmirlər nə etsinlər. Onların erməni millətinə belə "saxta” seçkilərlə özünüzü aldatmayın deməyə də cəsarətləri çatmır”.
Rüfət Sultan