"Bu məsələ dövlətlər səviyyəsində razılaşdırılıb, müəyyən vaxta qədər Rusiya hərbi kontingenti Qarabağda qalacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Əliyev Qarabağda rus sülhməramlılarının yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün 10 post yaratmaları ilə bağlı məsələni şərh edərkən deyib.
Politoloq bəyan edib ki, atəşkəsi təmin etmək missiyası ilə Qarabağa gələn Rusiya hərbi kontingenti qarşı tərəf yoxdursa, hansı əsasla burada mövcud olmalıdırlar:
"Ona görə indi də yolların təhlükəsizliyini təmin etmək kimi mövzuları ortaya atırlar ki, Qarabağda qala bilsinlər. Düşünürəm ki, bu məsələ dövlətlər səviyyəsində razılaşdırılmış məqamdır və müəyyən vaxta qədər Rusiya hərbi kontingenti Qarabağda qalmalı olacaq. Öz ərazisində olan yollarda təhlükəsizliyi təmin etmək üçün Azərbaycan dövləti lazımı gücə malikdir. Rusiya isə həmin məqamı ortaya atmaqla mütləq mənada süni mövzular yaradır ki, bölgədə hələ çox qalsınlar. Moskva həmçinin Qarabağı tərk edib könüllü gedən ermənilərin qayıdışı fonunda prosesi tənzimləyəcək güc olaraq da ərazidə iştirakda maraqlıdır. Azərbaycan dövləti Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə təminat verirsə, Rusiya hərbi kontingentinin burada iştirakına ehtiyac yoxdur".
Həmsöhbətimiz qısa müddətli müstəvidə rus hərbi kontingentinin bu hərəkətilə barışmağı mümkün saysa da, uzaq perspektivdə onun Azərbaycan üçün müəyyən risklər daşıyacağını düşünür:
"Çünki qarşımızdakı Rusiyadır. Moskva Yaxın Şərqdəki proseslərdən istifadə edərək, Ukraynanın silah-sursat baxımından zəifləyəcəyini düşünür. Belə bir vəziyyətdə isə Rusiya öz şərtləri daxilində danışıqlar masasının qurulacağını zənn edir. Bu baş verəcəksə, Rusiyanı Qarabağdan çıxarmaq da mümkün olmayacaq. Moskva güclənməklə yenidən təzyiq mexanizmlərini işə salacaq. Ona görə də uzağı gələn ilin mart-aprelinə qədər məsələ tənzimlənməli və rus hərbi kontingenti Qarabağı tərk etməlidir. Əks təqdirdə, onların burada qalması özümüzə qarşı çevrilə bilər”.
Qeyd edək ki, son 24 saat ərzində Rusiya sülhməramlıları yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün Qarabağda 10 post yaradıblar. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirlib ki, həmin postlardan beşi Azərbaycan tərəfi ilə birgə qurulub. Müdafiə Nazirliyi əlavə edib ki, sentyabrın 19-dan etibarən Qarabağın Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında Rusiya sülhməramlılarının ümumilikdə 8 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
Rüfət Sultan