Rusiyalı politoloq Sergey Markov Qarabağla bağlı mümkün 4 ssenarinin reallaşa biləcəyini deyib. Onun sözlərinə görə. Qarabağla bağlı çox güman ki, dörd ssenaridən biri baş verəcək: ”Birinci ssenari-Bakı heç bir şərt olmadan Qarabağın Azərbaycan ərazisi kimi Ermənistan tərəfindən tanınmasını tələb edəcək. Əks təqdirdə, 3 ildən sonra sülhməramlılarla bağlı müqavilə başa çatacaq və onlar Qarabağı tərk edəcəklər. Azərbaycan Ordusu sakitcə Qarabağa girəcək, Ermənistan ordusu isə zəifliyinə görə müqavimət belə göstərməyəcək. İkinci ssenari - Azərbaycanın bu planını puça çıxarmaq üçün Paşinyan ya Rusiyanı münaqişəyə cəlb etməyə çalışacaq, ya da Fransa, AB, ABŞ- ı münaqişəyə cəlb edəcək. Üçüncü ssenari - Paşinyanın bu planını puça çıxarmaq üçün Rusiya Nikolun yerinə Rusiyayönlü siyasətçi gətirməyə çalışacaq. Dördüncü ssenari - Azərbaycan və Ermənistan arasında müxtəlif platformalarda sülh sazişi üzrə danışıqlar aparılacaq, lakin bir nəticə ilə əldə edilməyəcək”.
Sözsüz ki, Markovun dediyi kimi, Moskvanı Paşinyanın yürütdüyü siyasət qane etmir. Paşinyanın Qərbpərəst və Sorosun adamı olmasını Kreml heç cür həzm edə bilmir. Ermənistan baş naziri və digər rəsmilərin son zamanlar Qərb ölkələrinə intensivləşən səfərləri, Qərbdən gələn mesajlar onu göstərir ki, İrəvan Rusiyanın təsir dairəsindən çıxmaq üçün əlverişli fürsət axtarır. Rusiyanın Ukrayna bataqlığında ilişib qalması istər-istəməz İrəvana bu istiqamətdə əl-qol açmağa imkan verir. Görünən odur ki, tam əlverişli məqam yetişən kimi, Paşinyan Rusiyaya "əlvida” deyərək, nəzərlərini büsbütün Qərbə doğru çevirəcək. Bunu Kremldə də gözəl anlayırlar. Ona görə də Paşinyana etibar etmirlər. Bu fonda Moskva üçün onun daha loyal başqası ilə əvəzlənməsi daha məqbuldur. Bu günə qədər Ermənistanda Paşinyan əleyhinə yönələn etiraz aksiyaları və mitinqlərin əksəriyyəti də məhz onun zəiflədilməsi və hakimiyyətdən düşürülməsinə istiqamətlənib. Lakin mövcud situasiyada Rusiya hələlik Paşinyanı devirə bilmir. Bu da ondan irəli gəlir ki, Ermənistanda Paşinyan digər siyasətçilərlə müqayisədə daha populyardır. Həm də Ermənistanda son illər anti-Rusiya əhval-ruhiyyəsi güclənib ki, mövcud vəziyyət də istər-istəməz Paşinyanın maraqlarına cavab verir.
Rusiyanın dəstək verdiyi "Qarabağ klanı” cəmiyyətdə nüfuzunu o qədər itirib ki, həmin qüvvələrin yenidən hakimiyyətə gətirilməsi mümkünsüzdür. 44 günlük müharibədə Ermənistanın məğlubiyyətindən sonra sözügedən qüvvələr dəfələrlə Paşinyan əleyhinə etiraz səslərini qaldırsalar da, erməni cəmiyyətindən ciddi dəstək ala bilməyiblər. Buna görə də Kremlin artıq həmin qüvvələrə bel bağlaması heç bir nəticə verməycək. Bunu Rusiya da anlamağa başlayıb. İindi Paşinyanı əvəzləmək üçün başqa qüvvələri ortaya atmağa başlayıblar. Bu qüvvələrin başında isə hazırda separatçı rejimdə vəzifəyə gətirilən Rusiyalı milyarder Ruben Vardanyan dayanır. Rusiya Gürcüstanda olduğu kimi, deyəsən Ermənistanda da "ivanişvili variantı”nı işə salmaq qərarına gəlib. Yəni, görünən budur ki, yaxın illərdə Paşinyan üçün hakimiyyət olimpində ən ciddi təhlükə məhz Rusiyanın adamı olan Vardanyan ola bilər. Amma Paşinyanın da mövqeyi güclüdür. Qərb onun arxasında dayanır. Onlar da yenidən Rusiyameyilli qüvvələrin Ermənistanda iqtidara qayıtmasına seyrçi qalmayacaqlar. Bu isə onu deməyə əsas verir ki, Kreml üçün Paşinyanı Rusiyayönümlü bir siyasətçilə əvəzləmək heç də asan olmayacaq.
Rüfət Sultan