Qaynarinfo analitik İlkin Həsənli ilə ATƏT-in Minsk Qrupu həmsədr institutunun yenilənməsi mövzusunda müsahibəni təqdim edir:
- 1992-ci ildən fəaliyyət göstərən və faktiki olaraq nəticəyə nail ola bilməyən ATƏT-in Minsk Qrupu həmsədr institutu yenilənə bilərmi?
- Bildiyiniz kimi, Minsk Qrupu Qarabağ konfliktində arbitr rolunu icra etmək funksiyasını üzərinə götürüb. Yəni Minsk Qrupuna həmsədr seçilən ölkələr – Rusiya, Fransa və ABŞ bu funksiyanı icra edib konfliktin tərəflərinə öz təkliflər paketini təqdim etməli, konfliktin həllinə çalışmalıdırlar. Yekunda konfliktin həlliylə bağlı qərarı məhz konflikt tərəfi olan ölkələr verməlidirlər. İndiyə qədər Minsk Qrupu vasitəçiliyi keçirilən danışıqlar masa üzərinə iki həll variantı gətirilib. Bunlardan biri mərhələli, digəri paket həll variantıdır. Bəs bu variantları ölkələr qəbul ediblərmi? Təbii ki, yox. Çünki bu variantlardan birincisi qismən Azərbaycana, digəri isə qismən Ermənistana sərf edən variantdır.
İndi məsələnin əsas hissəsinə keçək. Bayaq Minsk Qrupunun həmsədrlərinin əsas funksiyasını izah etdim. Yəni onlar təklif verirlər, qəbul edib-etməmək isə konflikt tərəflərinin işidir. Belə iş prinsipi ilə xüsusilə Qafqaz kimi regionda nəyisə həll etmək, özəlliklə də sülhlə həll etmək mümkün deyil. Yəni Minsk Qrupunun həmsədrləri bundan sonrakı 50 il ərzində 50 həll paketi təqdim etsələr də, konfliktin belə tərzdə sülh yoluyla həllini gözləməyə dəyməz. Baxın konflikt tərəfi olan iki ölkə Qarabağa ölüm-qalım yeri kimi baxır. Sizcə, belə olan yerdə tərəflərdən hansısa birinin böyük güzəştlərə gedəcəyini gözləmək olarmı? Məncə, yox.
Bu konfliktin beynəlxalq güclər tərəfindən həlli istənilirsə, o zaman tərəflərdən birinə və ya hər ikisinə mütləq şəkildə güclü təzyiqlər edilməlidir. Əks təqdirdə bu danışıqların sonu yenə savaşdır. Misnk Qrupunun həmsədr ölkələri indiki funksiya ilə konflikt tərəfi olan ölkələrə təzyiq edə bilərlərmi? Beynəlxalq hüquq baxımından götürsək, xeyir, edə bilməzlər, çünki arbitr funksiyasını üzərilərinə götürüblər. Beynəlxalq hüququ kənar qoysaq, təbii ki, edərlər və təzyiqləri tez bir zamanda faydasını da verər. Təzyiqlərin edilməməsinin əsas səbəbi həmsədr ölkələrin özlərinin bölgə ilə bağlı strategiyalarının bağlı olmasıyla yanaşı, onların bir-birinə zidd olan siyasətləri ilə də əlaqəlidir. Bir sözlə, bir-birinə rəqib olan üç ölkəni bir qrupda arbitr etsən, sözsüz ki, Qarabağda heç bir sülh-filan görməyəcəksən. Ən azından bu həmsədr ölkələrdən biri Qarabağın yaxın 20 ildə həllində qətiyyən maraqlı deyil. İndiyə qədər bu üç ölkənin həmsədrlik institutu ilə bağlı fikrinin ortaq qalmasının əsas səbəbi məhz bu konfliktin onların gündəminə hələlik gəlib düşməməsiylə bağlıdır.
Bu institutun yenilənməsinə gəlincə isə nə Azərbaycan, nə də Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dəyişmək imkanına və nüfuzuna sahibdir. Yəni nə Bakı, nə də İrəvan bu gün durub, biz Moskvanı həmsədr ölkə kimi görmək istəmirik deyə, bilməzlər. Doğrudur, nəzəri olaraq bu haqqa sahib olsalar da, praktik olaraq bu, inandırıcı deyil. Məhz buna görədir ki, Azərbaycan uzun bir müddət israrla konfliktin ATƏT-in Minsk Qrupundan alınıb, BMT sıralarına daşınmasıyla bağlı bir sıra mesajlar verməyə cəhd edib. Bu gün həmsədr ölkələrdən birini çıxarıb, yerinə başqasını əlavə etsəniz, indiyə qədər konfliktlə bağlı olan danışıqlar prosesi tam sıradan çıxmış olacaq. Ən azından həmsədrlikdən çıxarılan ölkə prosesə müxtəlif formada ziyan vurub, yenə də hər şeyi dalana dirəmiş olacaq. Yəni indiki həmsədr ölkələrdən hansısa birindən razı qalmasanız, onun qədər hər iki tərəfdə nüfuzu və gücü olan olan hansı bir ölkəni buraya daxil etmək olar? Əgər Türkiyə burada nəzərdə tutulursa, bu, inandırıcı deyil. Əgər Qarabağın həllini istəyiriksə, ümumiyyətlə, bu institutdan imtina edilməlidir və yeni yol müəyyənləşdirilməlidir. Əgər Minsk Qrupundan imtinanın beynəlxalq imicə-filan ziyan vuracağı, beynəlxalq hüquqa zidd olacağı ilə bağlı qorxu varsa, buna görə narahat olmağa dəyməz.
- ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayzanın bu qurumun vasitəçiliyi ilə danışıqların aparılması üçün hal-hazırda şəraitin olmadığı haqqında bəyanatı sözügedən qurumun perspektivini bir daha təhlil etməyə əsas verir. Bəs Qrupun mövcud sədrləri bu reallığı niyə görməzdən gəlirlər?
- Niyə görməzdən gəlirlər? Həmsədr ölkələrin özləri də bu formatda danışıqların perspektivinin olmamasını Bakıdan da, İrəvandan da gözəl anlayırlarlar. Belə danışıqlarda necə perspektiv ola bilər? Həmsədr ölkələrdən biri Ermənistanı həm Tovuz təxribatı öncəsində, həm də sonrasında geniş miqyasda silahlandırır. Digər tərəfdən həmsədr ölkələrdən biri Ermənistanın rəsmi müttəfiqidir. Yəni belə olan halda hansısa razılıq əldə etmək olarmı?
Azərbaycanın Minsk Qrupunun həmsədrləri formatında həm də bəxtinin gətirdiyi əsas məqam burada bir-birinə zidd ölkələrin cəmlənməsidir. Ona görə ki, həmsədr ölkələr formatı olmasaydı, konflikt bir ölkənin vasitəçiliyi ilə həll ediləcəkdi ki, bu da Bakıya heç bir halda sərfəli deyil.
Gələk məsələnin başqa tərəfinə - həmsədr ölkələr üçün əsas məsələ konfliktin həlli məsələsi deyil. Onlar üçün əsas məqam özlərinin regionla bağlı maraqlarını qoruyub saxlamaqdır. Qarabağın həlli Azərbaycan üçün son dönəmlərdə xüsusilə önəmlidir. Çünki məsələ təkcə Qarabağdakı nəsil dəyişkənliyi və ya bizim torpaq sevdamızla bağlı deyil. Əsas məsələ dəyişən dünyadakı şəraitdən istifadə etmək istəkləriylə bağlıdır. Əgər bu gün Ermənistanın forpostudursa, sabah Rusiya zəifləyəcəyi halda heç kim bizə zəmanət verə bilməz ki, İrəvan başqa bir gücün forpostu kimi Azərbaycana qarşı istifadə edilməyəcək.
Azərbaycan hakimiyyətinin son vaxtlar verdiyi bəyanatlar göstərir ki, Bakı hansısa formada prosesdə yeniliklərin edilməsini və ya yeni format tapılmasında maraqlıdır. Güman ki, bu mesajları artıq həmsədr ölkələr də alıblar. İndi məsələ həmsədr ölkələrin hamısının bu mesaja hansı reaksiyanı verəcəyidir. İstənilən halda hazırkı formatın gələcəyi dünyadakı proseslər fonunda yavaş-yavaş parlaqlığını itirir.
- Həmsədrlərin buna müqavimət göstərməsi məlumdur. Bəs beynəlxalq hüquq və razılaşmalar formatın yenilənməsi çağırışlarıyla bağlı nə deyir? Azərbaycan münaqişənin həllini intensivləşdirmək üçün BMT və ATƏT qarşısında yeni nizmalama formatı yarada bilərmi? Rəsmi Bakı bu addımı atarsa, nələrlə qarşılaşarıq - beynəlxalq ictimaiyyətin diqqətinin münaqişənin həllinə cəlb olunması, yoxsa, ölkəmizə qarşı təzyiqlərlə?
- Baxın yenə də deyirəm. Beynəlxalq hüquq-filanı boş verək. Beynəlxalq hüquq bu konfliktdə onsuz da Azərbaycanın tərəfindədir və dünya rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Bəs bunun torpaqların geri qayıtması ilə bağlı hansısa faydası olurmu? Beynəlxalq hüquq artıq işləkliyini tam itirib. Heç bir böyük güc beynəlxalq hüquqa filan əhəmiyyət vermir. Beynəlxalq hüquqa əhəmiyyət versəydilər, Yer zatən cənnət olardı.
Siz beynəlxalq hüquqa əsaslanıb, istənilən şeyə çağırış edə və ya istənilən formatın yaradılmasını təklif edə bilərsiniz. Bunun üçün Bakının əlində yetəri qədər dəlil var. Lakin bu dəlillər böyük güc adlandırdığımız ölkələrə təsir edirmi? Təbii ki, yox.
BMT məsələsinə gəlincə, onsuz da bir müddət əvvəl ATƏT-in Minsk Qrupunun amerikalı keçmiş həmsədri Riçard Hoqland bununla bağlı təklif irəli sürmüşdü. Hoqland Dağlıq Qarabağın BMT proktektoratlığına verilməsini istəyirdi. Bu təklif səsləndirildiyi ilk andan etibarən (düzdür, Hoqland bunu həmsədr kimi səsləndirməmişdi) Azərbaycan və Ermənistan da qeyri-rəsmi formada buna qarşı çıxdılar. Burada diqqət ediləsi bir məqam vardı. Hoqland məhz Dağlıq Qarabağın yəni keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin protektoratlığa verilməsini təklif edirdi. Bu isə o deməkdir ki, ətraf ərazilər Azərbaycanın birbaşa tabeçiliyinə qaytarılmalı idi. Doğrudur, Dağlıq Qarabağın protektoratlığa verilməsiylə bağlı mübahisəli çoxlu məqam var, amma prinsipcə Hoqlandın dedikləri indi masada Madrid prinsipləriylə dolayısı da olsa oxşar məqamlara sahibdir.
Üstəlik onu da xatırladım ki, Hoqland həmsədr olarkən buna oxşar başqa məqam da səsləndirmişdi. Onun 2017-ci ildə Qarabağın həlliylə bağlı səsləndirdiyi 6 element də məhz indiki təklifə bənzəyirdi.
Yəni demək istədiyim odur ki, siz hansı beynəlxalq təşkilat qarşısına gedib yeni format səsləndirsəniz, sizə Hoqlandın dediklərinə bənzər təkliflər irəli sürüləcək. Bu mütləqdir. Ona görə ki, danışıqlar hər iki tərəfin güzəştini tələb edir. Siz danışıqlara "mən hər şeyi istəyirəm” prinsipi ilə gedə bilməzsiniz. Nə qədər ağrılı olsa da, bu belədir. Üstəlik, güzəştlərə getməyə razı olmağınız belə konflikt həll ediləcək mənasına gəlmir. Ona görə də deyirəm ki, konfliktin həlli üçün ya güc olmaq, ya da ki güclərin razılığını almaq lazımdır. Bunlardan birini etmədən nəyisə həll etmək mümkünsüzdür. Heç nə olmasa belə, sizə təzyiq edəcəklər ki, bunun da altından indiki halda daha ağır itki vermədən qalxmaq mümkün deyil.
Dünyada indiyə qədər heç bir konflikt tam həll edilməyib. Bəli, bir-iki uğurlu nümunə göstərmək olar, amma onların tam həll edildiyini söyləmək çətindir. İndiyə qədər Qarabağın həllinə nümunə kimi göstərilən Aland adaları modeli vardı. Siz sivil dünya saydığımız Skandinaviyadan götürüb, Qafqaz kimi sərt və imperiyaların öz ideologiyalarının illərlər yerli xaqlara zorla da olsa sırıdığı yerdə bu modeli tətbiq edə bilərsinizmi? Bunun üçün uzun müddət keçməlidir, amma o uzun müddət üçün isə Bakının imkanı yoxdur.
Bahar Rüstəmli