"Qarşılıqlı maraqlar kontekstində İsrail-Türkiyə yaxınlaşması baş verə bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin Baş naziri Naftali Bennet arasında olan telefon danışığını şərh edərkən deyib. Politoloq bildirib ki, bu, bilavasitə həm Türkiyənin, həm İrsailin, həm də bütövlükdə Yaxın Şərq regionunun maraqlarına uyğun bir davranış olardı:
"Bu, son 8 ildə ilk dəfə baş tutan telefon danışığıdır. Bunu çox müsbət mənada bir çağırış kimi də dəyərləndirmək olar. Çünki Binyamin Netanyahunun baş nazir olduğu dövrlərdə Türkiyə ilə İsrail arasında böyük bir buz təbəqəsi yaranmışdı. Yeni Baş nazir Bennetin təşəbbüsü ilə Türkiyə prezidenti ilə telefonla danışması bu buzların əriməsi anlamına gəlir. Ayrıca, əslində İsraillə Türkiyə arasında münasibətlərin tənzimlənməsində o qədər də böyük problemin olmadığını hər iki ölkə lideri bilirlər”.
Natiq Miri Aralıq dənizində böyük bir gərginlik olduğunu xatırladıb:
"Və bu gərginlikdən istifadə edərək Yunanıstan bir çox regional və qlobal gücləri özünün yanına çəkməklə Türkiyəni təkləmək istəyir. Bu layihənin içərisində İsrail də yer alır. İsrailin dolayısı ilə həm də Türkiyəyə ehtiyacı var. Çünki İsrailin tapdığı qaz yataqlarının gələcəkdə məhz Türkiyənin nəzarətində olan su hövzəsindən Avropaya daşınması planlaşdırılır. Bu münasibətlər tənzimlənməsə, qarşılıqlı münasibətlər sistemi anlaşılmasa, bu layihənin həyata keçirilməsi mümkün olmayacaq. Ayrıca Yaxın Şərqin sabitliyi sülhün təminatçısı olan bu iki ölkənin mütləq mənada normal münasibətindən keçir. Əvvəllər necə İsrail-Türkiyə münasibətləri Yaşın Şərqin təhlükəsizliyinə təminat verirdisə, bu gün yenə də bu təməl üstündə yeni təhlükəsizliklər və münasibətlər sistemi qurmaq olar. Əslində bu telefon danışığının əsas çağırışı və verdiyi mesaj da bundan ibarətdir.
Düşünürəm ki, bu, hər iki dövlətin maraqlarına uyğun bir davranışdır və bunun gələcəkdə prespektivindən danışmaq olar. Ancaq bir şərtlə ki, Türkiyənin qırmızı xətləri, xüsusi ilə də Yaxın Şərqdə Fələstinlə bağlı qırmızı xətləri növbəti dəfə İsrail tərəfindən keçilməsin. Belə olduğu təqdirdə yeni münasibətlər sistemi qurmaq o qədər problem olmayacaq”.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin Baş naziri Naftali Bennet arasında telefon danışığı olub. 2013-cü ildən bəri ilk dəfə baş tutan telefon söhbətində ikitərəfli münasibətlər, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bahar Rüstəmli