Siyasət 12:51 19.03.2024

Qazaxın yeddi kəndi qaytarılır? (ŞƏRH)

"Paşinyan anlayır ki, Qazaxın hələ də işğalda olan kəndlərini qaytarmaqdan başqa çıxış yolu qalmayıb".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

"Birincisi, həm Brüssel bəyanatlarında, həm də Rusiya görüşlərinin yekununda delimitasiya komissiyalarının çevik işləməsi ilə bağlı qərarlar var. İkincisi, Şarl Mişel də daxil olmaqla Avropa İttifaqının bir çox siyasətçisi delimitasiya olmadan əlaqələrin normallaşmasını mümkünsüz hesab edirlər. Üçüncüsü, Rusiya da regional kommunikasiyaların fəaliyyətə başlaması üçün delimitasiyanı vacib hesab edib. Amma Ermənistan tərəfindən sistematik formada Azərbaycan ərazilərinin qəsbindən əl çəkməmək taktikası var", deyə politoloq qeyd edib.
 


Ekspert hesab edir ki, Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın görüşləri müstəsna əhəmiyyətə malikdir:

"Burada yalnız Ermənistanın deyil, onun havadarı olan ölkələrin də çox böyük günahı var. Çünki onlar sülh məsələsinin həll olunmamasına çalışırlar. Buna görə də delimitasiya prosesinin geçikməsi üçün addımlar atırlar. Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsinə imkan vermirlər. Ciddi bir irəliləyiş üçün delimitasiya komissiyasının işlərində də irəliləyiş olmalıdır. Azərbaycan hərbi əməliyyatlarda əsla maraqlı deyil, amma Ermənistan bir çox hallarda əlavə imkanları bloklayır. Qazaxın kəndlərinin qaytarılmasından başqa Ermənistanın heç bir yolu qalmayıb". 

Qeyd edək ki, Ermənistan baş naziri Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında delimitasiya prosesinin Tavuş bölgəsindən başlaya biləcəyini bildirib. Bu əsasda da o, dünən həmin sərhədyanı bölgənin əhalisilə görüşüb. Görüşdə o, sakinlərə delimitasiya ilə bağlı nə və necə düşündüyünü izah etməyə çalışıb. 

Rüfət Sultan