Hərbi ekspert Ədalət Verdiyevin Qaynarinfo-ya müsahibəsi
- Ədalət bəy, Zəfər günü Azərbaycan və şəxsən sizin üçün nə deməkdir?
- Zəfər günü Azərbaycan xalqı üçün milli qururun, milli ləyaqətin bərpa olunduğu gündür. Zəfər günü Azərbaycan xalqının 30 illik məğlubiyyət sindromunu öz çiyinlərindən işğalçı Ermənistanın üzərinə yüklədiyi bir gündür. Bu qələbə Azərbaycan xalqının, burada yaşayan bütün dini-etnik qrupları vahid amal ətrafında birləşdirən bir gündür. Məhz, bu qələbə nəticəsində Azərbaycan xalqı öz adını məhdud sayda qalib xalqlar siyahısına yazdıra bilib. Bu qələbənin memarı Ali Baş komandan, icraçısı isə Azərbaycan xalqı və onun Silahlı Qüvvələridir.
- Şuşanın azad edilməsi dünya medasının diqqətdə saxladığı məsələ idi. Hərbi baxımdan Şuşanın azad edilməsi əməliyyatını təhlil etmənizi xahiş edirik. Bir hərbçi kimi fikirləriniz maraqlıdır - əsgərlərimiz qayalıqları dırmaşaraq, Şuşanı düşməndən necə azad etdilər?
- Şuşa əməliyyatı unikal bir əməliyyatdır. Çünki tarixdə ilk dəfə olaraq zirehli vasitələr və artilleriya sistemləri ilə müdafiə olunan qaya üzərindəki bir qala şəhərinin Azərbaycan xüsusi təyinatlıları yalnız yüngül atıcı silahlar və məhdud sayda tank əlehinə vasitələrlə düşməndən azad etdilər. Digər tərəfdən isə Şuşanın qorunmasında düşmənin 6-7 dəfə üstün qüvvələri mövcud idi. Bütün bunlara baxmayaraq, artilleriyadan, pilotsuz və pilotlu aviasiyadan istifadə etməyən xüsusi təyinatlılarımız Şuşanı azad etməklə Ermənistanın kapitulyasiya aktını imzalamasına nail oldu. Bu isə öz növbəsində gələcək üçün Azərbaycana hərbi, siyasi, diplomatik, iqtisadi və mənəvi üstünlük verdi ki, biz də müharibədən sonrakı dövrdə bu üstünlüklərdən məharətlə istifadə edirik. Məhz, Şuşanın azad olunması bu gün Azərbaycan Ordusunun yalnız Qarabağda deyil, həm də tarixi torpağımız Zəngəzurda 74 yeni mövqe, 11 strateji yüksəklik azad edib. Hazırda Azərbaycan Ordusunun Ermənistan ərazisində düşmən ordusunun bütün manevr və fəaliyyətlərini izləmək imkanı var.
- 44 dünlük savaşda "Bayrakdar" və yeni tip silahların önəmini necə qiymətləndirirsiniz?
- Hərbi sənaye digər sahələrdə olduğu kimi davamlı olaraq inkişaf edir. Bu istiqamətdə Türkiyə müdafiə sənayesi son illərdə böyük bir sıçrayış edərək, dünyada ilk üçlüyə daxil olub. "Bayrakdar" da Türkiyə istehsalı olan pualardan biridir. Azərbaycan Ordusu müharibədə yalnız "Bayrakdar"dan deyil, həm də Türkyənin digər silah sistemlərindən də uğurla istifadə etdi. Nəticə etibarı ilə Azərbaycan 44 günlük müharibəni kütləvi PUA istehsalı istifadəsi ilə həyata keçirməklə ilkə imza atıb. Bir çox ölkələrdə PUA-lar istifadə olunur. Hazırda Ukraynada da bu tətbiq mövcuddur. Amma uğurlu tətbiqdən, istifadədən və nəticəyə köklənmiş tətbiqdən söhbət gedilirsə, burada yenə də Azərbaycanın adı ilk uğurlu tətbiqə imza atan ölkə kimi tarixə yazılıb. Azərbaycan Türkiyə ilə bu istiqamətdə əməkdaşlığını davam etdirir. Biz həm də hərbi gücümüz və potensialımızı artırmaqla Türkiyə ilə birgə istehsal müəssisələrinin yaradılması istiqamətində kifayət qədər ciddi addımlar atmaqdayıq.
- Rusiya sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə separatçıların revanş çağırışları eşidilir. Bu o anlama gəlirmi ki, yeni savaş başlaya bilər?
- Savaş başqa bir şeydir, döyüş, toqquşma, hadisə və insident başqa-başqa şeylər. Genişmiqyaslı təxribatlar olmasa da, müəyyən qədər orta və kiçik təxribatların ola biləcəyini heç bir zaman istisna etməmişik. Görünən odur ki, Rusiya sülhməramlıları yenə də öz üzərinə düşən funksiyalarını tam həcimdə yerinə yetirmək niyyətində deyil. Məhz, onların nəzarətində olan ərazilərdən Azərbyacan torpaqlarına silahların keçirilməsi yenə də davam edir. Rusiya sülhməramlılarının xeyir-duası ilə Ermənistandan Qarabağa nümayişlərdə iştirak etmək üçün insanlar dəvət edilir, onlar hansısa bir şəkildə mükafatlandırılır. Lakin bunlar heç nəyi dəyişməyəcək, sülhməramlıların ərazidə qalma müddəti 2025-ci ilin noyabr ayının 10-na kimidir. Nəzərə alaq ki, sülhməramlı kontingentin mandatı da hələ müəyyənləşməyib. Odur ki, onların maksimum 2025-ci ilin sonuna kimi Azərbaycandan çıxarılacağı heç bir şübhə doğurmur. Çünki onların fəaliyyətində kifayət qədər ermənipərəst çalarlar diqqətimizi cəlb edir. Əgər, sülhməramlılar üzərinə götürdükləri zəmanət ölkə funksiyasını yerinə yetirsəydilər, erməni silahlıların ərazidən çıxarılması və azərbaycanlıların Qarabağa qayıtması təmin etsəydilər, məsələyə bir qədər fərqli konteksdən yanaşa bilərdik. Ən azından rusların ərazidən çıxarılmasını yumşaq bir şəkildə həyata keçirə bilərdik. Amma baş verən proseslər onu göstərir ki, Rusiya sülhməramlıları ərazidə hətta müddətin sonundan daha erkən çıxarıla bilərlər. Amma hər bir halda Laçın dəhlizinə nəzarəti biz ruslardan alıb, öz sərhəd qoşunlarımızın, yaxud da ordumuzun nəzarətinə verməliyik. Çünki Laçın dəhlizi tamamilə aidiyyatı olmayan funksiya üçün istifadə olunur və bu Azərbaycana qarşı yönələn fəaliyyətlərdir.
- İrəvanda da revaşistlərin müharibə çağırışları eşidilir. Paşinyanı müharaibə tərəfdarı əvəz edərsə, Azərbaycan yeni qələbə tarixi yaza bilərmi?
- Ermənistanda kimin hakimiyyətdə olacağı Azərbaycanı qətiyyən narahat etmir. İki il əvvəl 7 noyabr tarixində Xankədindən qaçan erməni ordusu tıxaclarda bir-birinin belinə dırmaşırdı. İndi belə bir toplumun yenidən revanşdan danışması tamamilə gülüncdür. Onlar anlayırlar ki, bu barədə bəyanatlar verə bilərlər, amma bəyanat vermək başqa bir şeydir, əldə silah savaşmaq, ölümün gözünə dik baxmaq başda bir şeydir. 10 min fərarisi olan erməni ordusunun bu gün Azərbaycana qarşı savaşmaq şansı yoxdur. Bəli, kiminsə arxasında gizlənib bəynat səsləndirmək, kiminsə arxasından Azərbaycan ərazisinə atəş açmq mümkündür. Bundan ötrü xüsusi bir qəhrəmanlıq tələb olunmur. Amma əldə silah, ölümün gözünə dik baxa-baxa döyüşə girmək bu erməni toplumu üçün deyil. Onlar artıq müharibədə hansı gücə, imkan və potensila malik olduqlarını dünyaya nümayiş etdiriblər.
- Siz əminsinizmi ki, bir neçə onillik keçəndən sonra vəziyyət prinsipial olaraq pis tərəfə dəyişməyəcək?
- Əminəm. Bunun üçün Azərbaycanın indiyi həyata keçirdiyi fəaliyyətlər, atdığı addımlar müttəfiqlərimiz və tərəfdaşlarımızla qurduğumuz münasibətlər belə deməyə əsas verir ki, Ermənistanın bundan sonra hansısa bir ciddi uğurlara imza atması mümkin deyil. Ordunun gücləndirilməsi, müharibəyə hazırlıq isə Ermənistandan kifayət qədər böyük vəsait tələb edəcək. Ən azından müharibədəki itkilərinin yerini doldurmaq üçün Ermənistana 10-15 il müddət lazımdır. Reallıqlar onu deməyə əsas verir ki, Ermənistanın yaxın perspektivdə bərpa olunması yenə də yalnız (söhbət hərbi potensialından gedir) onun qonşular ilə xöş, mehriban qonşuluq siyasətindən keçəcək. Bu olmayacaqsa, Azərbaycan, Türkiyə və digər müttəfiqlərimizlə Ermənistana qarşı hərbi, siyasi, diplomatik təziqlərimiz davam etdirəcəyik.
Bahar Rüstəmli