
Sentyabrın 22-də Bakı Apellyasiya Məhkəməsi həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin şikayətinə baxıb.
Şikayət Nəsimi Rayon Məhkəməsinin qərarından verilmişdi. Sentyabrın 12-də Nəsimi Rayon Məhkəməsi İntiqam Əliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxıb, onu təmin etməyib.
“Azadliq.info”ya danışan vəkil Anar Qasımlının bildirdiyinə görə, Bakı Apellyasiya Məhkəməsi Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Vəkil əlavə edib ki, Bakı İstintaq Təcridxanasında İntiqam Əliyevin qeydləri əlindən alınır: “Qeydləri, vəkillərinə yazdıqları çox ciddi senzuraya məruz qalır. Hər dəfə mənimlə görüşə gətirərkən yarım saat ərzində yoxlanılır. Yazıları bir-bir oxunur. Xoşlarına gəlməyənləri alırlar. Xüsusən də Penitensiar Xidmətlə, saxlanma şəraitlə bağlı yazdıqlarını”.
Avqustun 8-də həbs edilən İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir. Müdafiəçiləri isə İntiqam Əliyevin həbsini siyasi sifariş sayır.
Qaynar.info