Azərbaycan 30 illik durğunluqdan sonra Qarabağı işğaldan azad edə bildi. Artıq şərtləri Bakı diqtə edir. Lakin yekun sülh sazişi imzalana qədər gərginliyin davam edəcəyini ehtimal etmək olar. 30 il ərzində münaqişənin mövcudluğu tərəflərə Bakı və İrəvana təzyiq etmək imkanı yaradırdı. Məsələ ondadır ki, Azərbaycanın regionda coğrafi mövqeyi və Qərb - Şərq arasında körpü rolunu oynaması siyasi güc mərkəzləri üçün ölkəmizi cəlbedici edir və münaqişə isə bölgəyə gəlmək üçün şans idi. Belə ki, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılmasında və Böyük İpək yolunun bərpasında Bakının fəal iştirak etməsi və qitənin enerji təhlükəsizliyində vacib rol oynayan ölkələrdən biri kimi zəngin təbii ehtiyatlara malik olması Azərbaycanın önəminiu artırır. Dünya gücləri üçün Bakı siyasi-iqtisadi rəqabət mərkəzi və maraqların toqquşduğu bir paytaxtdır.
Bakı və İrəvan arasında sülh sazişi imzalanarsa, bu maraqlar necə qorunacaq?
Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, Qərb Rusiyanı zəiflətmək, post-sovet məkanını Moskvanın nəzarətindən çıxartmaq istəyir və bu baxımdan Azərbaycanın maraqları ilə Qərbin maraqları üst-üstə düşür.
Partiya başqanının fikirincə, Amerika Birləşmiş Ştatları və Qərb ölkələri hazırda Rusiya-Ukrayna müharibəsində tam olaraq Ukraynanın yanında yer alıblar:
"Orada Qərbin maraqları açıq şəkildə ifadə edilir. Qərbin maraqları Rusiyanı qonşu dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə müdaxilə edəcək gücdə olmamasından keçir. Odur ki, Qərbin məqsədi Rusiyanı zəiflətməkdir. Bu baxımdan, Qərbin Rusiya, post-sovet məkanı ilə bağlı maraqları Azərbaycanın maraqları üst-üstə düşür. Belə ki, istər Qarabağ vasitəsi Azərbaycana, Abxaziya və Cənubi Osetiya vasitəsi ilə Gürcüstana, eyni zamanda Dnestryanı bölgə ilə Moldovaya, "LXR”, "DXR” vasitəsilə Ukraynaya hərbi müdaxilə edən, bununla yanaşı Polşa, Finlandiya kimi qonşu dövlətləri hədələyən, Qazaxıstana daim ərazi iddiası qaldıran, SSRİ-ni, hətta bütövlükdə Rusiya imperiyasının bərpa edilməsini əsas hədəf kimi bəyan edən Kremlin mövcud hərbi - siyasi rəhbərliyinin apardığı siyasətin çökdürülməsi Azərbaycanın maraqlarına cavab verir”.
Politoloq Zərdüşt Əlizadə isə Qaynarinfo-ya bildirib ki, Qərb müharibə olmasını istəmir: "İstəyirlər ki, sülh olsun. Onlar istəmirlər ki, Rusiya münaqişədən istifadə edərək, Cənubi Qafqazı nəzarət altında saxlasın, vəssalam, məqsəd bu qədər sadədir”.
Bahar Rüstəmli