ABŞ və Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında qısa zamanda sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Son dövrlər Qərbin dəstəyilə tərəflər arasında keçirilən görüşlər intensivləşməklə yanaşı, sülh sazişinin imzalanması reallığı da artır. Həm Azərbaycanda, həm də Ermənistanda məhz Qərbin vasitəçiliyinin daha real nəticələr verəcəyinə olan inam artıb. Bunun nəticəsidir ki, hər dəfə Brüsseldə baş tutan görüşlərdən sonra cari ilin sonuna qədər sülh müqaviləsinin imzalana biləcəyilə bağlı həm Qərbin özü, həm də Azərbaycan və Ermənistan tərəfdən müəyyən fikirlər səslənir.
Qeyd edək ki, prosesdə vasitəçi qismində olan digər oyunçu Rusiyadır. Son zamanlar İrəvan Kremldən uzaqlaşaraq, üzünü əsasən Qərbə çevirib. Rusiya həmçinin, Ukrayna məsələsində dalana dirənib. Görünən odur ki, sözügedən məsələnin çözümündə Qərb əsas söz sahibi olmağa daha çox yaxındır.
Belə olan halda bir sual yaranır: Qərb Azərbaycanla Ermənistan arasında tez bir zamanda sülh müqaviləsinin bağlanmasına niyə tələsir? Bu tələskənlikdə Qərbin məqsədi və marağı nədir?
Qaynarinfo-ya açıqlama verən politoloq Natiq Mirinin fikrincə, Qərbin Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasında tələskənliyi ilk növbədə Azərbaycanla bağlıdır:
"Yəni Qərbin burada tələsməsi ilk növbədə Bakının istəyilə bağlıdır. Çünki Azərbaycan artıq vaxtın uzadılmasına doğru olaraq imkan vermək istəmir. Ona görə ki, vaxt məhdudiyyəti qoyulmayan istənilən prosesi sonsuza qədər desək uzatmaq mümkündür. 2020-ci ilin 10 noyabr sənədinin imzalanmasından iki il ötsə də, ötən müddətdə heç bir sahədə irəliyə doğru addım atmaq mümkün olmayıb. Nə Qarabağdakı erməni silahlıları tərksilah olunub, nə sərhədlərin müəyyənləşməsi prosesinə başlanılıb, nə də kommunikasiyaların açılmasında hər hansı bir irəliləyiş əldə olunub. Vaxt məhdudiyyəti ona görədir ki, bu halda qarşı tərəfə müəyyən basqılar yaradır.
İlin sonuna qədər sülh müqaviləsi istiqamətində ciddi addım atılmayacağı təqdirdə, Azərbaycanın atacağı addımlar var ki, bunu Ermənistan və onun havadarları da bilməmiş deyillər. Azərbaycanın sərhəddə tutduğu mövqelər o qədər stratejidir ki, ondan o tərəfə daha önəmli mövqeləri tutmağımız o qədər də problematik deyil. Həmçinin Laçın dəhlizinin ermənilərin üzünə bağlanılması ehtimalı aktuallaşır. Bu yol tamamilə bağlanandan sonra Qarabağ ermənilərinin edə biləcəyi bir iş qalmadığı kimi, rus sülhməramlılarının da ciddi problemlər yaşayacağı həqiqəti ortaya çıxacaq”.
Ekspertə görə, Qərb Rusiyadan fərqli olduğunu ortaya qomaq, prosesdə onun dominantlığını əlindən almaq üçün sülh müqaviləsinin tezləşdirilməsində israrlıdır:
"Çünki sülh müqaviləsinin imzalanması yolunda konkret hərəkətlənmələr olmasa, məsələ uzansa, bu Rusiyanın mövqeyini gücləndirəcək. Qərb də prosesdə Rusiya kimi davranarsa, onun Moskvadan bir fərqi olmayacaq və o da cəlbediciliyi itirməli olacaq. Rusiyanı bölgədən sıxışdırıb çıxarmağın optimal yolu onun Bakı ilə İrəvan arasında münaqişədəki moderatorluğunu əlindən almaqdan keçir. Bunun üçün isə konkret nəticələr ortada olmalıdır. Paşinyanın bu müstəvidə oktyabrın 31-də delimitasiya məsələsilə bağlı İşçi qrupun görüşünün Brüsseldə keçirilməsini təklif etməsi də Rusiyaya qarşı ciddi bir demarşdır. Ermənistan rəhbərliyi bu cür davrandıqca Rusiya qarşısında Qərbin mövqeyi daha da güclənəcək”.
Rüfət Sultan