"Qərb rus-erməni ortaq şirkətlərinə sanksiya tətbiq edəcək, amma bu sanksiyalar yenə də Ermənistan hökumətinə qarşı yönəlməyəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Qərbin Ermənistanı Rusiyan üçün ixrac məntəqəsi elan etməsini şərh edərkən deyib:
"Hesab etmirəm ki, Qərbin Ermənistana, xüsusən də dövlət qurumlarına qarşı sanksiyaları daha da artsın. Çünki hazırda Ermənistanda hakimiyyətdə olan Paşinyan iqtidarı Qərbin ciddi dayağıdır. Digər tərəfdən, ABŞ, Fransa və digər Qərb ölkələrində ermənilərin ciddi lobbi, diaspor təşkilatları var. Bu baxımdan, Ermənistan dövlətinə qarşı Qərbin yeni maliyyə sanksiyalarının olacağı real görünmür”.
Bununla belə həmsöhbətimizə görə, növbəti dəfə daha bir neçə şirkət bu fonda sanksiyalara məruz qala bilər:
"Ermənistanda Rusiyanın güclü "5-ci kolon”u var. Həm də burada sırf rus kapitalı ilə biznes fəaliyyətilə məşğul olan çoxsaylı Rusiya şirkətləri də var. Məhz, rus- erməni ortaq şirkətlərinə belə sanksiyalar fərdi qaydada tətbiq edilə bilər. Ermənistan o qədər yoxsul ölkədir ki, Qərbin yanında olmasına baxmayaraq, kasıblıq səbəbindən Rusiyanın indiki çətin durumundan istifadə edib, ona qarşı sanksiyalardan yayınan iqtisadi dəstəyini yenə də davam etdirəcək. Belə olan halda, Qərbin Ermənistan dövlətinin özünə qarşı daha ağır iqtisadi sanksiyalar tətbiq edəcəyini gözləmirəm. Çünki bunun baş verməsi Paşinyan hakimiyyətinin süqutuna gətirib çıxarar ki, onun da meydandakı alternativləri Rusiyanın "5-ci kolon”udur”.
Qeyd edək ki, Financial Times nəşrinin yazdığına görə, Ermənistan Rusiya üçün sanksiyalar altında olan malların ixrac məntəqəsi olub. Nəşrin yazdığına görə, Qərb Ermənistanı Rusiyanın ixrac məntəqəsi elan edib.
Rüfət Sultan