"Ermənistanın NATO ilə daha fəal əməkdaşlıq etmək istəyini açıqlaması ikiiüzlüyünün daha bir nümunəsidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Abutalıb Səmədov sentyabrın 11-20 arasında Ermənistanda keçiriləcək Ermənistan - ABŞ birgə hərbi təlimlərini şərh edərkən deyib.
"İrəvanla Vaşinqtonun Ermənistanda keçirməyi planlaşdırdıqları hərbi təlim NATO-nun "Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində baş tutur. Adətən, belə təlimlər xeyli əvvəldən planlaşdırılır və təbii ki, onun bölgədəki indiki durumla heç bir əlaqəsi yoxdur. Bu, Ermənistanın NATO ilə daha fəal əməkdaşlıq etmək istəyinin göstəricisidir. Sülhməramlı missiyaların səmərəsini yüksəltmək məqsədi daşısa da, Rusiya bu cür təlimlərə son dərəcədə qısqanclıq və narazılıqla yanaşır. Çünki bir hərbi bloka üzv olan və daim KTMT-ni tənqid hədəfinə çevirən İrəvanın NATO çərçivəsində təlimlər keçirməsi təbii ki, anormaldır”, deyə politoloq bildirib.
Həmsöhbətimiz qeyd edib ki, bu addım Ermənistanın riyakarlığının, ikiüzlüyünün daha bir göstəricisi, dünyada bənzəri olmayan bir hadisədir:
"Hansısa hərbi bloka üzv olan dövlətin başqa bir hərbi blokun təlimlərində iştirak etməsilə bağlı ikinci belə bir hal yoxdur. Ancaq bu təlimlərin bölgəmizdə cərəyan edən proseslərə heç bir təsiri olmayacaq. Azərbaycan Qarabağ üzərində suverenliyinin təmin olunması istiqamətində qətiyyətli addımlar atır və bundan sonra da heç bir güzəştə getmədən atmaqda davam edəcək. Heç bir təzyiq və bəyanat Azərbaycanı haqı yolundan dönədrə bilməz. Sülh sazişinin imzalanması istiqamətində də səylərimiz davam edir”.
Ekspert düşünür ki, yaxın günlərdə Brüssel prosesi bir qədər də fəallaşacaq:
"Artıq Qərb də anlayır ki, Ermənistana ciddi təzyiq göstərilməsə, onlar sülh prosesini pozmaqda davam edəcəklər və bu da bölgədə kifayət qədər ciddi problemlər yarada bilər”.
Qeyd edək ki, sentyabrın 11-dən 20-dək Ermənistanda EAGLE PARTNER 2023 adlı erməni-amerikan birgə hərbi təlimləri keçiriləcək. Bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, təlimlər Ermənistan Müdafiə Nazirliyinin sülhməramlı briqadasının "Zar” təlim mərkəzinin bazasında beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq məqsədilə keçiriləcək.
Rüfət Sultan