"Paşinyan hakimiyyətdən getmək istəmir və dirəniş göstərir. Onun son addımları da bunun xəbərçisidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Ermənistan baş naziri Paşinyanın Tiflis Beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı təqdim etdiyi regional nəqliyyat dəhlizləri xəritəsini şərh edərkən deyib.
Politoloq bildirib ki, Qərb Paşinyanı Rusiyanı bölgədən çıxarmaq üçün təcili Azərbaycanla sülh müqaviləsi imzalamağa vadar edir:
”Bu fonda da ondan Zəngəzur dəhlizinin açılmamasını tələb edirlər. Azərbaycan bu müstəvidə ağıllı gediş edib. Yolun İran ərazisindən keçəcəyini açıqlamaqla Azərbaycan Zəngəzur dəhlizini blokadaya saldı. Ermənilər də bilir ki, artıq bu layihə işləməyə başlayıb. İranı Qərb sevmir. Onlar İranın iqtisadi cəhətdən güclənməsini istəmir. Azərbaycanın da ayrı çıxış yolu olmayıb. Bunu İranla etməli idik. İranla nə qədər problemimiz olsa da, Tehran 30 il ərzində çətin zamanlarda Naxçıvana getmək üçün Azərbaycana yol verib. Bunu unuda bilmərik”.
C.Nuriyev qeyd edib ki, Bakı üçün Zəngəzur dəhlizi artıq ikinci dərəcəli məsələdir:
”Ona görə də Paşinyan Tiflisdəki tədbirdə ipək yolunun Ermənistan üzərindən keçməsini gündəmə gətirib. Böyük İpək Yolu ilə bağlı 1998-ci ilin Bakı bəyannaməsində Ermənistanın özü-özünü blokadaya saldığı da qeyd edimişdi. Bunun əsas 25 il bundan əvvəl qoyulub. Ermənistan 25 ildən sonra ayılıb, amma qatar gedib. Görünən odur ki, Paşinyan hakimiyyətdən getməmək üçün bu addımları atır. Amma belə getsə, onu yıxacaqlar. Ona görə də Paşinyan hadisələri qabaqlamaq istəyir”.
Qeyd edək ki, Tiflis Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində çıxışında Ermənistan baş naziri Nikol Paşinyan təqdim etdiyi regional nəqliyyat dəhlizləri xəritəsində Azərbaycanın ərazi bütövlüyünə tam riayət edib. Belə ki, baş nazirin təqdim etdiyi xəritədə Azərbaycan əraziləri tam və keçmiş qondarma quruma məxsus heç bir ad, xəritə və ya toponim istifadə edilmədən göstərilib.
Rüfət Sultan