Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel bildirib ki, qurum ölkələrinin silah ehtiyatları Ukraynaya tədarüklər səbəbindən ciddi şəkildə tükənib. O, quruma üzv dövlətləri ehtiyatlarını artırmağa çağırıb və təklif edib ki, bunu birgə etsinlər.
Borrel həmçinin etiraf edib ki, Avropa Ukraynaya kömək etməyə bir il əvvəl, Aİ üzvlərinin bəziləri bunu tələb edəndə başlamalı idi. Onun sözlərinə görə, əgər bu baş versəydi, Aİ indi "daha yaxşı vəziyyətdə" olardı.
Borrelin açıqlaması onu deməyə əsas verir ki, Aİ tədricən Ukraynaya etdiyi hərbi və digər yardımları azalmaq qərarına gəlib. Bu isə ilk növbədə qarşıdan gələn qış ayları və qiymətlərin kəskin bahalaşması ilə bağlı ola bilər. Belə ki, rus qazı və neftindən imtina fonunda qarşıdan gələn qış Avropa ölkələri üçün həddən artıq soyuq və şaxtalı keçəcək.
Bunun qarşısını almaq üçün qitə ölkələri alternativ mənbələr axtarmaqla yanaşı, bir sıra enerji məhdudiyyətlərinə də getməyə məhkumdur. Bütün bunlar isə əlavə xərclər deməkdir. Həmin səbəbdən Avropa müəyyən müddət üçün Ukraynaya yardımı azalmağa çalışır. Yəni, bu kimi açıqlamalarla Aİ rəsmiləri qışa doğru Avropanın özünün çətin duruma düşmək təhlükəsi altında olması ehtimalı səbəbindən onların Ukraynaya əvvəlki kimi dəstək ola bilməyəcəyini bəyan edir.
Borrelin həmin fikirləri Moskvanın maraqlarına cavab verən bir açıqlamadır. Digər tərəfdən, Borrel bu açıqlama ilə əslində Vaşinqtona da çağırış edir ki, Ukraynaya silah tədarükündə Avropaya "bel bağlamasın".
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Tofiq Abbasov bildirir ki, belə vəziyyət Avropa ilə ABŞ arasında məsələyə yanaşmada haçalanmanın baş verməsinin göstəricisidir:
"Qərb Rusiya ilə Ukrayna arasında müharibənin olmasının təşəbbüskarı, səbəbkarı və tərəfdarları olub. Qərb Ukraynaya çoxlu vəd verdi ki, Kiyev ciddi müqavimət göstərsin. Bu zəmində də lazım olan silahları verəcəklərini bildirdilər. İndi isə bəlli olur ki, uzun müddətli hərbi kampaniyaya Rusiya daha hazırlıqlıdır. Kiyevin isə imkanları məhduddur, hərbi-texniki çatışmamazlıqla üzləşir. Ona görə də Zelenski və komandası artıq Qərbin vədlərilə bağlı bədbin fikirlər söyləməyə başlayıblar.
ABŞ mövcud prosesdə daha ehtiyatlı tərpənib. Onlar yükü Aropanın üzərinə yıxaraq, kampaniyanın aparılması üçün lazım olan vəsaitin əsasən "köhnə dünya” tərəfindən xərclənməsinə nail oldu. Nəticədə Avropa qazancının sıfıra bərabər olduğu halda, xərclərinin artdığını müşahidə edir. Ona görə də mövcud vəziyyətə tab gətirmək Aİ üçün çətin olacaq. Bu səbəbdən də Borrel problemin öhdəsindən gələ bilmədiklərini bəyan edir. Onlar çalışırlar ki, prosesə başqa dövlətləri, xüsusən də Şərqi Avropa ölkələrini qatsınlar. Artıq Avropa Ukraynadan olan qaçqınlara yardımları da azaldır”.
Rüfət Sultan