"Qərb dövlətlərinin Moskvanın hərəkətlərinə qarşı reaksiyası hələlik yerətli deyil. Qınamalarla müşayiət olunan reaksiyaları yetərli etiraz adlandırmaq olmaz”.
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy Rusiyanın Ukraynaya münasibətdə son əməlləri fonunda Qərb dövlətlərinin sərgilədiyi reaksiyanı şərh edərkən deyib:
"Rusiyann qondarma DXR və LXR-ı tanıması fonunda hazırda Qərbdən daha çox siyasi qınama və müəyyən iqtisadi sanksiyaların olacağı barədə açıqlamalar gəlir. Eyni zamanda, Ukraynaya diplomatik siyasi, iqtisadi və hərbi dəstək gücləndirilir. Amma mövcud durumun kəskinliyinə baxsaq, Qərb dövlətlərinin Moskvanın hərəkətlərinə qarşı reaksiyasını hələlik yerətsiz hesab edə bilərik. Düzdür, son proseslərə Co Bayden ABŞ-ın təhlükəsizliyinə fövqəladə təhdid kimi baxdı. Amma bununla belə, onun faktiki necə nəticələnəciyini demədi”.
Həmsöhbətimizə görə, ümumiyyətlə, modern dünyada bu cür olaylara görə tətbiq edilən embarqo və sanksiyalar lazımi effektiv nəticə vermir:
"Bunu vaxtilə Ermənistanın işğalçı siyasətində gördük, habelə İranın nüvə silahı məsələsi, Şimali Koreyanın atdığı addımlara dünyanın reaksiyasında da görürük. Bütün bunlar onu göstərir ki, önümüzdəki dövrdə Qərb-Rusiya, Ukrayna-Rusiya münasibətlərində münasibətlər daha da gərginləşəcək”.
Ekspert qeyd edir ki, Qərbin Rusiyanın aqressiyasına qarşı daha kəskin reaksiya sərgiləməklə cavab tədbiri olaraq hərbi metoddan istifadə etməməsi müxtəlif səbəblərdən qaynaqlanır:
"Çünki hərbi metod dünya təhlükəsizliyi məsələsində daha böyük problemlərə yol aça bilər. Rusiya dünyada nüvə silahına malik güclü ölkədir. Digər tərəfdən, Qərbin Rusiya ilə müxtəlif istiqamətdə əməkdaşlığı var. Başda nüvə təhlükəsizliyilə bağlı müzakirələr olmaqla, dünyanın müxtəlif regionlarında əməkdaşlıq edirlər. Başqa bir tərəfdən, dünya siyasətində böyük güclərin birbaşa bir-birilə hərbi əməliyyatlar vasitəsilə toqquşması nümunəsi getdikcə azalır. Burada qlobal və regional dövlətlər kritik məqamlarda diqqətli davranmağa çalışırlar. Həmçinin, Rusiya beynəlxalq sistem daxilində siyasi, iqtisadi, hərbi baxımdan geniş spektri əhatə edir. Avropa ilə enerji məsələsi və müxtəlif siyasi məsələlərdə Rusiya hələ də önəmli rol oynamaqda davam edir.
Eyni zamanda, Qərb ölkələrində hərbi qüvvələrin ölkə xaricindən kənara göndərilməsi o qədər də asan məsələ deyil. Bunun maliyyə və təhlükəsizlik mahiyyəti var. Çünki Qərbdə plüralist və hesabatlı cəmiyyətlər mövcuddur. Bütün bunlar onu deməyə əsas verir ki, indiki durumda Qərb belə hərbi əməliyyatlarda iştirakda maraqlı deyil”.
Rüfət Sultan