Bu ilin yanvar-iyun aylarında Azərbaycanda sənaye istehsalının ümumi dəyəri 33 milyard 71 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 0,1 faiz artıb. Hesabat dövründə neft-qaz sənayesində istehsal 0,6 faiz azaldığı halda, qeyri-neft-qaz sənayesində 4,1 faiz, emal sənayesində isə təxminən 3 faiz artım qeydə alınıb.
Qaynarinfo-ya qeyri-neft sektorundakı artımın ölkənin neftdən asılılığına təsirləri haqqında danışan iqtisadçı Xalid Kərimli deyir ki, artım müsbət haldır və təqdirəlayiqdir, gələn dövrdə də davam edəcək. Amma məsələ ondadır ki, artımın tempi çox aşağıdır:
"Azərbaycanın qeyri-neft sektorunun inkişafı baxımından qeyri-neft sənayesinin, xüsusilə də emal sənayesinin hazırkı vəziyyəti o qədər də ürəkaçan deyil. Ümumilikdə vəziyyətin yaxşılaşması üçün iki rəqəmli artım tempinə ehtiyac var. Ən azı bir neçə il ərzində ölkənin qeyri-neft emal sənayesi iki rəqəmli templə artmalıdır ki, biz qeyri-neft sənayesinin inkişafından və neft sektorundan asılılığın azaldığından danışa bilək. Hazırkı artım faizi çox aşağıdır. Eyni zamanda, istehsal həcmləri də o qədər böyük deyil ki, 10 milyonluq əhalinin tələbatını tam ödəyə bilsin".
Xalid Kərimli əlavə edib ki, hazırda ölkədə neft gəlirlərinin xərclənməsi də nisbətən sabit saxlanılır. Çünki statistikadan da göründüyü kimi, neft sektoru getdikcə kiçilir və bu sahədən əldə olunan gəlirlər daha sürətlə azalacaq:
"Buna görə də neft gəlirlərinin xərclənməsi artırılmır. Bu isə iqtisadiyyata təsir göstərir və qonşu ölkələrlə müqayisədə iqtisadi artım tempində ciddi fərq yaradır.
Günay İlqarqızı
Şərhlər