Xəbər lenti

Qış qapını döydü - Qarlı havalarda yolda qalmamaq üçün nə edək?
Ekonomiks 12:33 15.12.2024

Qış qapını döydü - Qarlı havalarda yolda qalmamaq üçün nə edək?

Qışın gəlişinə sayılı günlər qalsa da, bu gündən ehtibarən paytaxtda qar yağmağa başlayıb. Qar yağanda müxtəlif problemlər də onunla birlikdə baş qaldırır. Bu məsələlərdən ən başlıcası da yollarda buzlaşmanın artması, sürüşmə hallarının baş verməsi ehtimallarının çoxalmasıdır. Baş verən yol-nəqliyyat hadisələrinin də arxasında çox vaxt buzlu yollar dayanır.

Bəs kiçikdən-böyüyə hər kəsin istifadə etdiyi ictimai nəqliyyat vasitələri buzlu yollara hazırdırmı?

Məsələ barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, payız-qış mövsümünə keçidlə əlaqədar paytaxtda və bölgələrdə marşrutlar üzrə hərəkət edən avtobuslarda, eləcə də, avtoparklarda zəruri tədbirlərin görülməsi barədə AYNA daşıyıcılara müvafiq tapşırıqlar verib.

"Tapşırığa əsasən, daşıyıcıların istismarında olan marşrutlar üzrə fəaliyyət göstərən avtobusların işlək vəziyyətdə saxlanılması və sərnişinlərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi, eyni zamanda, sərnişindaşımada təhlükəsizliyin və fasiləsizliyin təmin edilməsi üçün müvafiq profilaktik tədbirlər həyata keçirilməlidir.

Sürücülərin və texniki xidmət personalının qış mövsümündə avtomobillərin istismarına dair təlimatlandırılması, avtobuslara mövsümi texniki xidmətin göstərilməsi və dövri texniki xidmət vaxtının təyin edilməsi, avtonəqliyyat vasitələrinin müvafiq maddi-texniki baza ilə təmin olunması, şinlərin mövsümə uyğun təchiz olunması, avtomobillərin istilik sistemləri ilə təmin edilməsi vacib şərtdir.

Sərnişindaşımada xidmət göstərən sürücülər mütəmadi olaraq sürüşmə ehtimalı olan enişli-yoxuşlu yollarda, buzlu döngələrdə, körpü və yol ötürücülərində daha diqqətli olmalı, hərəkət sürətinə nəzarət etməli, baş verə biləcək yol-nəqliyyat hadisələri ilə bağlı risklərin daha çox olmasını nəzərə alaraq, bu istiqamətdə tədbirlər görməlidirlər", - deyə qurumdan əlavə edilib.
 
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, müasir şəhərin nəqliyyatında heç bir fasilə olmamalıdır:

"Hansısa bir meteoroloji şərait nəqliyyatda fasilə yaratmamalıdır. Şəhərin bütün küçələri, yolları həmişə hərəkət üçün əlverişli, uyğun vəziyyətdə saxlanılmalıdır. Qar yağdısa, qarı təmizləyən avadanlıq olmalı, ciddi buzlaşma olarsa, buzlaşma əleyhinə vasitələr tətbiq edilməlidir.

Düzdür, indi Bakıda ciddi buzlaşmalar çox nadir hallarda baş verir. Qar yağanda isə böyük texnikalarla yollar təmizlənməlidir. Güclü qar yağan zaman təmizlənmə işlərinə ilk növbədə əsas magistral yollardan, ictimai nəqliyyatın daha çox istifadə etdiyi yollardan başlamaq lazımdır. Çalışmaq lazımdır ki, ictimai nəqliyyatda, eyni zamanda, ümumi nəqliyyat axınında fasilə yaranmasın.

Qış, qar, buz təbiətin qanunauyğunluğudur. Şəhər infrastrukturu elə qurulmalıdır ki, bu, hərəkətə problem yaratmasın. Ola bilər ki, nə vaxtsa çoxlu qar yağar, güclü şaxta olar, onda da nəqliyyat vasitələri hazır olmalıdır. Avtobusların, minik avtomobillərinin təkərləri qarda idarəetməyə uuğun olmalıdır. Mühərrikin soyudulması üçün nəzərdə tutulmuş texniki mayelərin soyuq havalar üçün nəzərdə tutulanları istifadə olunmalıdır.

Şüşəyuyanlar belə hazır hala gətirilməlidir. Eyni zamanda, avtobusların salonunun isitmə, havalandırma sistemləri işlək vəziyyətdə olmalıdır ki, diskomfort yaratmasın. Ən əsası, nəqliyyat vasitələrini idarə edən sürücülərin qışda, buzlu yollarda avtomobil idarə etmək təcrübəsi olmalıdır ki, problem yaşamasınlar. Bu zaman hər şey qaydasında olur", - deyə ekspert əlavə edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->