
Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü münasibəti ilə cənab prezidentimizi təbrik etdim və ondan xahiş etdim ki, mənimlə kürsüyə qalxsın. Çünki o, birinciliyə layiq işlər görür. Prezidentlə eyni kürsüdə olmaq mənim üçün böyük xoşbəxtçilik idi".
Bunu anspress-ə açıqlamasında I Avropa Oyunlarında gözdən əlil kişi cüdoçular arasında qızıl medal qazanmış paracüdoçumuz, 2 dəfə Paralimpiya Oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu İlham Zəkiyev deyib.
Dövlət başçısı ötən gün cüdoçunun oyununu canlı izləyib. Mükafatlandırma mərasimi zamanı Azərbaycan prezidenti İlham Zəkiyevlə birlikdə ən yüksək pillə olan fəxri kürsüyə qalxıb. Bu zaman İlham Əliyevin kövrəlməsi də diqqətdən qaçmayıb.
O, ötən gün baş tutan yarışdan sonra təltifetmə zamanı Azərbaycan prezidenti İlham Əliyevlə olan qısa dialoqunu açıqlayıb.
Azərbaycan xalqının çempionu dövlət başçısı ilə söhbəti zamanı keçirdiyi hissləri ANS PRESS əməkdaşı ilə bölüşüb: "İlham Əliyev mənə dedi ki, sən bizim fəxrimizsən. Mən isə üzümü dövlət başçımıza tutub "Əsgər İlham Zəkiyev verdiyiniz döyüş tapşırığını yerinə yetirib" dedim. Mənim üçün o anlar çox xoş idi. Mən 2 dəfə Paralimpiya Oyunları çempionu, 2 dəfə dünya çempionu olmuşam, amma heç vaxt üzərimdə belə məsuliyyət olmayıb. Bu I Avropa Oyunlarının belə yüksək səviyyədə keçirilməsi İlham Əliyevin və Mehriban Əliyevanın zəhmətinin bəhrəsidir. Biz gələn qonaqlarla və idmançılarla söhbət edirdik. Onların hamısı Oyunların möhtəşəm təşkilindən danışırdı", - deyə İ.Zəkiyev söyləyib.
I Avropa Oyunlarının qızıl mükafatçısı 26 iyun tarixinin onun həyatı üçün yadda qalan gün olduğunu söyləyib: "Dünən mənim üçün 3 qat bayram oldu. Çünki, dünən həm Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü idi, həm mən qızıl medal aldım, həm də dünən mənim Həmzə balamın 2 yaşı tamam olurdu. Çox yadda qalan gün oldu".
Gələcək hədəfləri barədə də danışan İlham Zəkiyev məqsədinin Azərbaycanı beynəlxalq yarışlarda yüksək səviyyədə təmsil etmək olduğunu bildirib: "Paralimpiya Oyunlarına vəsiqəni artıq təmin etmişəm. İndi əsas məqsədim Azərbaycanı həmin yarışda ən yaxşı şəkildə təmsil etməkdir. 3 ay sonra Portuqaliyada da yarışlar keçiriləcək. Bütün var gücümlə hazırlaşaraq gələcəkdə də ölkəmiz adına medallar qazanmağa çalışacağam", - deyə İ.Zəkiyev əlavə edib.
Qaynar.info




