Xəbər lenti

“Qızıl Nar” mükafatının qalibləri açıqlanacaq
Sənət11:20 15.11.2022

“Qızıl Nar” mükafatının qalibləri açıqlanacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bakıda 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış-mükafatlandırma mərasimi keçiriləcək. 
Qaynarinfo xəbər verir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir. Mərasimdə festivalın beynəlxalq, "Asiya istedadları” və yerli müsabiqələri üzrə qaliblər bəlli olacaq. 
Bu il festivala 79 ölkədən-Almaniya, Fransa, İspaniya, Türkiyə, Belçika, Norveç, İsveç, Yunanıstan, Lüksemburq, Ukrayna, Misir, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Cənubi Koreya və s. ölkədən 814 film qatılıb. Bunlardan 91 film Yerli müsabiqəyə təqdim edilib. Seçim Komissiyasının qərarına əsasən, 32 film festivalın beynəlxalq, 40 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb. 
Beynəlxalq müsabiqədə yarışan filmləri "Qarğıdalı adası” filmi ilə Karlovı Varı, "Kinoşok” kinofestivallarının baş mükafatını qazanan, gürcü rejissoru və prodüseru Georgi Ovaşvili, Kazanda art-nümayişlərin daimi spikeri, fərqli mövzularda kino mühazirələri ilə tanınan Adilə Xaybullina, Berlin, Kann kinofestivallarında türk kino proqramları, film həftələrinin təşkilatçısı, türkiyəli prodüser Emrah Kılıç qiymətləndirib. 
Bu ilki festivalın yeni bölümü olan "Asiya istedadları” müsabiqəsində mübarizə aparan 10 filmi Azərbaycan kino tənqidinin yeni dalğasının formalaşmasında birbaşa əməyi olan müəlliflərdən biri Aliyə Dadaşova, əsərləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılan, Əməkdar rəssam Rəşad Ələkbərzadə qiymətləndirib, "Ən yaxşı film”, "Ən yaxşı rejissor” nominasiyalarının qaliblərini seçiblər. 
Yerli müsabiqənin münsiflər heyətində Avropanın ən böyük film fondlarından biri olan FOCAL fondunun AVANTI proqramının qalibi, müasir kinomuzun ən məhsuldar rejissorlarından olan Mirsadıq Ağazadə, ölkənin mədəni, ictimai həyatında yaxından iştirak edən yazıçı-publisist, türkoloq, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva, Azərbaycan sənədli kinosunda maraqlı tərzi və yanaşması ilə seçilən,  "Didor”, "Kiş” və s. festivalların mükafatçısı, "Fokus” kino jurnalının layihə rəhbərlərindən biri Əli İsa Cabbarov, son illər Azərbaycan ədəbi mühitində özünəxas məqalələrlə adını gündəmdə saxlayan, kino tənqidi və tarixinə dair oçerklərin müəllifi Qismət Rüstəmov yer alıb. 
"Cinemobil” müsabiqəsində yarışan 4 film arasından qalibi tamaşaçılar onlayn səsvermə yolu ilə seçiblər. Beş gün davam edən festivalda yerli film nümayişləri anşlaqla, gərgin müzakirələrlə yadda qaldı. Festival çərçivəsində həmçinin tanınmış türkiyəli prodüser Əmrah Kılıçın ustad dərsi keçirilib. Kılıç festival tərcübəsini yerli kinematoqrafçılarla bölüşüb.  
Məlumat üçün bildirək ki, Kann, Venesiya, Berlin Film Festivallarında, "Oscar"da mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü film festivalıdır.
Festival ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.
Bahar