Xəbər lenti

Qlobal neft ehtiyatlarının azalma proqnozu, artan qiymətlər - Statistika nə qədər realdır?
Dünya 17:00 05.05.2026

Qlobal neft ehtiyatlarının azalma proqnozu, artan qiymətlər - Statistika nə qədər realdır?

ABŞ-ın investisiya bankı "Goldman Sachs"ın açıqladığı məlumata görə, qlobal neft ehtiyatları dünya tələbatının cəmi 101 gününü qarşılaya biləcək səviyyəyə enib. Mövcud tendensiya davam edərsə, bu göstəricinin may ayının sonuna qədər 98 günə düşəcəyi proqnozlaşdırılır. Ekspertlər hesab edir ki, bu dinamika yay aylarında neft qiymətlərinə təsir göstərə bilər.

Bildirilib ki, ümumi ehtiyatlar hələ kritik həddə çatmasa da, bəzi regionlarda və müəyyən məhsul kateqoriyalarında tədarük çatışmazlığı riski qalmaqdadır.

Bəs bu proqnozlar nə dərəcədə etibarlıdır? Qlobal neft ehtiyatlarının 101 gün səviyyəsinə enməsi real təhlükə kimi qiymətləndirilə bilərmi?

Məsələ ilə bağlı Qaynarinfo-ya danışan iqtisadçı Eyyub Kərimli bildirib ki, "Goldman Sachs"ın açıqladığı rəqəmlər daha çox proqnoz xarakteri daşıyır və təşviş yaratmaq üçün əsas yoxdur:
 


"Dünyada hər gün milyonlarla ton neft hasil olunur və müxtəlif kanallarla ixrac edilir. Bu baxımdan hesab etmirəm ki, bu cür proqnozlar ciddi risk və ya təhdid yaradır".

İqtisadçı qeyd edib ki, qlobal miqyasda neft ehtiyatları adətən uzunmüddətli planlama əsasında formalaşdırılır:

"Adətən 3-6 aylıq ehtiyatlar yaradılır və tədarük təmin olunur. Buna görə də mövcud vəziyyət daha çox qiymət dinamikasına təsir edə bilər. Yay aylarında neftin bahalaşması ehtimalı var və bazar iştirakçıları hazırda gözləmə mövqeyindədir".

Onun sözlərinə görə, Hörmüz boğazı ətrafında yaranan gərginlik də bazara təsir edən amillərdən biridir:

"Boğazın bağlanması ehtimalı fonunda idxalçı ölkələr ehtiyatlarını artırmağa çalışır. Bu da bazarda müəyyən dalğalanmalar yaratsa da, vəziyyəti kritik həddə çatdırmır. Mövcud proqnozlar daha çox bazarın reaksiyasını ölçmək məqsədi daşıyır və qlobal enerji təhlükəsizliyi baxımından ciddi təhlükə yaratmır".
 
Günay İlqarqızı

--> -->