
Qafqaz Ömərov
"İnformasiyaya malik olan dünyaya sahibdir" - Mayer Rotşild.
Qlobal güclər arasında geosiyasi qarşıdurma qızışdıqca Kütləvi İnformasiya Vasitələrinin əhəmiyyəti artmaqdadır.
Qlobal dünyanın bir parçası olan və müstəqilliyinə cəmi iki onillik və üstəgəl iki ildir qovuşmuş Azərbaycan da başqa ölkələr kimi bu qlobal nüfuz savaşının içindədir. Ölkəmizin yerləşdiyi coğrafiyanı, regionun ən təhlükəli konflikti olan Dağlıq Qarabağ münaqişəsinin ərazimizdə olması bizim bu qaynar qazanın lap kəndarında dayanmağımız deməkdir. Bütün tərəflərdən konflikt zonaları ilə əhatə olunmağımız gələcəkdə ölkəmizin baş verə biləcək total müharibənin episentrinə çevirə bilər.
Ermənistanla 20 ildən artıqdir ki, davam edən atəşkəs rejimi əslində mövqe döyüşləri şəklində davam etməkdədir. Region böyük bir barıt çəlləyinin üzərindəki kimidir. Hər an baş verə biləcək partlayış haqlı olaraq Üçüncü Dünya müharibəsinin başlanğıc səbəbi kimi dəyərləndirilir. Aktiv döyüşlərin hələ başlamaması informasiya sahəsində müharibənin qızışmasına səbəb olur. Bu halda informasiya cəbhəsindəki və qlobal şəbəkədəki təbliğat müharibəsini ordu komandirləri deyil, media kapitanları böyük media ordusu ilə aparmalıdır. Artıq müasir şəraitdə qlobal şəbəkədə gedən informasiya müharibəsini udmadan əsl müharibəni qazanmaq mümkün deyil. Çoxsaylı internet media orqanları və yüz milyonlarla istifadəçinin gününün böyük bir hissəsini keçirdiyi sosial şəbəkələr informasiya müharibəsinin arenasına çevrilib.
Savaşdan qorxan bu müharibənin ilk qurbanına çevrilir, müharibəni ağılla aparan bu müharibəni ilk qazanan olur. Şəbəkə müharibəsinin əsl müharibədən fərqi düşməni ideoloji, psixoloji və mənəvi cəhətdən məhv etməklə toplaşmağa, birləşməyə, ordu yaratmağa və kiməsə hücum etməyə imkan verməməkdədir, yəni əsl müharibəni başlamadan udmaqdır. Şəbəkə asılılığının qaçılmaz olduğu dövrümüzdə yüz milyonların oturduğu və ümumiyyətlə, qadağaların olmadığı kiberməkanda yayılan informasiyalar və təbliğat materiallarının beynəlxalq ictimai rəyin formalaşmasında rolu həlledicidir.
Son illər baş vermiş siyasi və hərbi çaxnaşmalar, iqtisadi kataklizmlər bunu bir daha sübut etdi. Buna görə də qlobal şəbəkənin hər kəsə verdiyi imkandan hərə öz ağlına, biliyinə, istəyinə və hədəfinə uyğun istifadə etməkdədir. Dağlıq Qarabağ probleminin ümumilli problemimiz olması və bu münaqişənin arxasında öz məqsədləri ilə birlikdə böyük dövlətlərin durması hərbi əməliyyatlar başlayana qədər milli mediamızın qarşısında böyük vəzifələr qoyur. Ermənistan və arxasında duran qlobal güclərin ölkəmizə qarşı apardığı təbliğat müharibəsinə milli media olaraq biz cavab verməli və ermənilərin haqqımızda formalaşdırmaq istədikləri mənfi rəyin qarşısını almalıyıq.
Gəlin görək Azərbaycan mediası olaraq bu işin öhdəsindən nə dərəcədə gələ bilmişik? Ümumiyyətlə, gələ bilmişikmi, və ya heç olmasa bu informasiya təxribatlarından cəmiyyətimizi, hələ dünya ictimaiyyətini demirik, qoruya bilmişikmi?
Son illər sayı sürətlə artan internet media orqanlarının milli mənafeyə, dövlətçiliyə xidmət etməsi gözlənilsə də zaman ötdükcə bunun tam tərsini gördük. Yetərincə maliyyə qaynağı, peşəkarlardan ibarət redaksiya heyəti olmayan bir çox xəbər saytları milli internet media məkanımızı informasiya zibilliyinə və gizli antiazərbaycan təbliğatının bostanına çevirdi. Xəbər istehsal edə bilməyən, əksəriyyətinin 1-2 əməkdaşı olan xəbər portalları yerli və xarici KİV-lərdə olan bütün növ informasiya və dezinformasiyanı ös səhifələrinə düzərək ictimaiyyətin şüurunu da xəbər zibilliyinə çevirdilər. Əsasən Türkiyə və Rusiya saytlarının yedəyində sürünən mediamız, analiz, təhlil, iqtisadi və siyasi araşdırmaların olmadığı, şou xəbərlərinin və dezinformasiya xarakterli yazıların ünvanına çevrildi. Nəticədə ictimaiyyətdə internet medianın çox çirkin bir imici formalaşmağa başladı.
Sensasiya naminə, rəhbərlərinə saxta, yüksək reytinq göstərmək naminə ümumilikdə medianın imici ilə oynayan vicdan, namus, vətənpərvəlik kimi hisslərini itirmiş bir qrup sayt rəhbəri özləru bilmədən Azərbaycana qarşı ermənilərin apardığı informasiya diversiyasına qoşuldular. Məğzinə, xarakterinə baxmadan, hansı məqsədlə yayılmasını analiz etmədən, rus, türk və erməni saytlarından ucdantutma bütün materialları biabırçı üslubda tərcümə edərək yerli portallarda dərc etməyə başladılar.
Azərbaycanda baş vermiş xırda bir kriminal hadisəni dramatikləşdirərək ictimaiyyətə sensasiya kimi qələmə verən bəzi yerli saytlar erməni mediasının ölkəmizə qarşı apardığı çirkin təbliğat və qara yaxma kampaniyasında istinad mənbəyinə çevrildilər.
Son bir-neçə ildə formalşan bu ermənipərəst "Azərbaycan mediası" sözün əsl mənasında erməni kəşfiyyatının nəzarətində olan saytların informasiyasını yaymaqla və erməni KİV-lərinə yerli müxbir postu xidməti göstərməkdədirlər. Daxili narazılıqları ön plana çıxararaq, seksual xarakterli cinayətləri manşet xəbəri kimi verərək ermənipərəst saytların hədəfində Azərbaycan cəmiyyətinin daxildən aşınması, xalqımızın dünya ictimaiyyətinin gözündə rəzil edilməsi və gələcəyimiz olan gəncliyimizin mənəvi deqradasiyası durur. Bu saytların manşetində yer alan xəbərlərin müəllifləri və köşə bölməsinə yazıları verilmiş şəxslər konkret olaraq Azərbaycanın dördüncü hakimiyyətinin içərisinə yeridilmiş erməni casuslarıdır. Senzuranın olmaması, dövlət nəzarətinin yetərincə əhatə etmədiyi internet media istifadəçilərin sayının artması nəzərə alınarsa artıq ölkəmizin gələcəyini təhdid etməyə başlayıb.
Misal olaraq son həftələr erməni mediasının hazırladığı informasiya bombasının Azərbaycanda partladılması göstərilə bilər. Bir təpəliyin şəklinin verildiyi və informasiya mətnində bu yerin Naxçıvanda olduğu və erməni ordusu tərəfindən alındığı xəbəri yazılmış material ildırım sürəti ilə ermənipərəst mediamıza yayıldı. Ağına-bozuna baxmadan, dayaz intellektlərini mənasız mətnlərə odlu-alovlu başlıqlar vermək üçün işə salan bəzi internet mediamızın kütbeyin redaktorları bununla erməni kəşfiyyatının əlində süpürgə olduqlarını bir daha etiraf etdilər.
Müdafiə naziri Zakir Həsənovun bu gün yayımladığı müraciət də məhz bu saytların rəhbərlərinə yönəlmişdi. Yoxlanmamış, dəqiqləşdirilməmiş, ictimaiyyət arasında çaşqınlıq və təlaş yarada biləcək məlumatların yayılması ancaq ermənilərə xidmət kimi qiymətləndirilməlidir. Düşmənə lazım olan da elə budur. İctimaiyyətimiz arasına təşviş, narahatlıq, xaos, müxtəlif təbəqələr arasında nifaq salaraq vətəndaş həmrəyliyini, qarşlıqlı etibarı zədələmək erməni xususi xidmət orqanları və onların nəzarətində olan informasiya vasitələrinin əsas hədəfidir. Mediamızın və bu media orqanlarındakı peşəkər, vətənpərvər jurnalistlərimizin, siyasi şərhçilərin diqqəti ancaq bu sahəyə yönəlməli və ermənilərin informasiya hücumlarına daha effektiv cavab verilməlidir.
P.S. Xəbər lentini doldurmaq xatirinə xəbər yerləşdirən bütün internet media orqanlarının gələcəyi yoxdur. Öz informasiya siyasəti, analiz və təhlil bölməsi olmayan, ölkədə baş verənləri obyektiv şəkildə ictimaiyyətə, analiz edərək şərhi ilə birlikdə oxucularına təqdim edə bilməyən xəbər portalı gec-tez bağlanmağa məhkumdur. Media bazarında yalnız və yalnız ciddi xəbərlər, baş verən hadisələri oxucularına təhlil edərək, maraqlı araşdırmaların dərc edildiyi, siyasi, iqtisadi, elmi, ədəbi, mədəni, dini mövzuları əhatə edən saytlar qalacaqlar.
İnterpress.az